
İraq hərbçiləri Mosul yaxınlığında 250-dən çox İŞİD qurbanlarının iki kütləvi məzarlığını aşkarlayıblar.
Ahlibeyt.az-ın APA-ya istinadən verdiyi xəbərə görə,bu barədə CNN telekanalı məlumat yayıb.
Məlumata görə, məzarlıqlardan biri quyunun dibində aşkarlanıb. Quyuda 200-dən çox cəsədin olduğu ehtimal olunur. İŞİD terrorçuları son iki il ərzində öldürdükləri sakinlərin cəsədlərini həmin quyuya atırmışlar. Yerli sakinlər həmin məzarlıq barədə məlumatlı olublar: “Sakinlərin yaxınlarının cəsədlərini quyudan çıxarmaq cəhdlərinin qarşısını almaq üçün terrorçular məzarlığı minalayıblar. Hazırda istehkamçılar məzarlığı minalardan təmizləyirlər. Quyuya atılanların arasında sağ olan sakinlər də olub”, - deyə yerli məmurlardan biri bildirib.
İkinci məzarlıqda 45 meyit aşkarlanıb. Hər iki məzarlıq Mosuldan 30 km cənubda yerləşən Hamam əl-Əlil şəhərində aşkarlanıb. Noyabrın 7-də həmin şəhərdə başı kəsilmiş 100-dək şəxsin meyitinin olduğu məzarlıq aşkarlanıb.