12 Avqust, 2023
Bu gün İmam Səccadın(ə) şəhadət günüdür

Bu gün qəməri təqvimi ilə 25 Məhərrəm Hz.İmam Səccadın(ə) şəhadət günüdür.

Dördürcü imam İmam Səccad (ə)  hicrətin 38-ci ilində dünyaya gəlmişdir.Atası  Hüseyn ibn Əli(ə),a nası Şəhrəbanu, ən məşhur ləqəbi Zeynül-Abidin və Səccaddır.

Uşaqlıq illərini Mədinədə  keçirmiş, təxminən 2 il babası Əlinin (ə) hakimiyyət illərini görmüş, ondan sonra isə 10 il əmisi Imam Həsənin (ə) İmamət dövründə yaşamışdır. Hicrətin 50-ci ili İmam Həsənin (ə) şəhadətindən sonra Müaviyənin hakimiyyətinin möhkəmləndiyi bir dövrdə onunla mübarizə aparan atası İmam Hüseyn (ə) ilə 10 il bərabər olmuşdur.

Hicrətin 61-ci ilinin məhərrəm ayında Kərbəla faciəsindən sonra digər Əhli-beyt əsirləri ilə birlikdə Kufəyə, sonra isə Şama əsir aparılmışdır. Bu səfərdə o, müsibət və çətinliklər zamanı digər əsirlərin pənahı və himayədarı olmuşdur. O, bu səfər zamanı öz mətin çıxışları ilə Yezidin hakimiyyətini rüsvay etdi və Şamdan qayıtdıqdan sonra Mədinə şəhərində yaşamağa başladı. Nəhayət hicrətin 94-cü ya da 95-ci ili şəhadətə qovuşdu. O Həzrət Bəqi qəbiristanlığında əmisi İmam Həsənin (ə) qəbrinin kənarında dəfn olunmuşdur.

Atasının qiyamına qoşulan İmam Səccadın (ə) həmin zaman təqribən 22-23 yaşı var idi. İmam Səccadın hər iki qardaşı - 25 yaşlı Əli Əkbər və altı aylıq Əli Əsğər də - Kərbəlada şəhid oldu. Həzrət Zeynul-abidin (ə) Peyğəmbər nəslinin və imamlar sülaləsinin davamçısı olduğuna görə Allah Təala həmin müddətdə ona şiddətli xəstəlik göndərir ki, döyüşlərdə iştirak ona vacib olmasın və onun canı amanda qalsın. Beləki, İmam Hüseyn (ə) şəhid olandan sonra Yezidin qoşunu Əhli-Beytin (ə) xeymələrinə hücum etdi. Şimr İmam Səccadı (ə) xəstə yatağında şəhid etmək istədiyi zaman yaxınlıqda olan insanlar ona tənə vurdular ki, xəstəni öldürməzlər və Şimri bu fikirdən çəkindirdilər.

İmam Səccad zamanının 6 əməvi xəlifəsi dövründə yaşamışdır

Yezid ibn Müaviyə (61-64 h.q);
Abdullah ibn Zübeyr (61-73 h.q);
Müaviyə ibn Yezid (altımış dördüncü ilin bir neçə ayı);
Mərvan ibn Həkəm (altımış beşinci ilin doqquz ayı);
Əbdülməlik ibn Mərvan (65-86 h.q);
Vəlid ibn Əbdülməlik (86-96 h.q).

İmam Səccadın (ə) dövründə Əməvilərə qarşı əsasən dörd məhşur qiyam baş vermişdi. Onlardan ikisini Kufə, birini Məkkə, birini də Mədinə əhli etmişdi.

Kərbəla hadisəsindən çox keçməmişdi ki, 5000 minlik şiə ordusu İmam Hüseynin (ə) intiqamını almaq üçün qiyam etdi. Bu qiyam tarixə "Təvvabin" ("Tövbə etmişlər") adı ilə düşüb. Təvvabin hərəkatının məqsədi yalnız və yalnız intiqam idi. Xəlifənin ordusu ilə döyüşən qiyamçılar məğlub oldu. Sağ qalmışlar isə Kufəyə dönüb Muxtar Qiyamına qoşuldular.

Yezidin xilafətinə qarşı çıxan Zübeyrin oğlu Abdullah Məkkə əhalisini Yezidə qarşı qaldıraraq hicri 61-ci ildə Məkkə hakimiyyətini öz əlinə keçirdi. O, özünü xəlifə elan etdikdən sonra Əməvilərin siyasətindən narazı bölgələri öz dövlətinə birləşdirdi. Beləliklə Şamda Yezid xilafət edirdi, Məkkədə isə Abdullah. Hətta Əməvilərdən İmam Hüseynin (ə) intiqamının alınmasına ümid edən Kufə əhalisi Abdullah ibni Zübeyrə qoşuldu. Ancaq onun da Əhli-Beytə (ə) düşmən olduğunu, Əməvilərdən fərqlənmədiyini görən kufəlilər ondan üz çevirib Muxtarın başına toplaşdı. Xəlfə Əbdülməlikin dövründə Şam qoşunu Məkkəyə hücum etdi və Abdullahın 12 illik hakimiyyətinə son qoydu.

Hicri 66-cı ildə  Muxtar adlı bir şəxsin başçılığı ilə kufəlilər İmam Hüseynin (ə) qatillərindən intiqam almaq məqsədilə yenidən qiyam etdilər. Onlar Peyğəmbər (ə) övladlarının qatillərini yaxalayəb amansızcasına qətlə yetirdilər. Haqq məqsədi batil vasitələrlə həyata keçirdiyinə görə Muxtar İmam Səccad (ə) tərəfindən məzəmmət olunmuşdu. Muxtar İraqın böyük hissəsini tutub Kufənin hakimi oldu. Abdullah ibn Zubeyr Muxtara qarşı qoşun göndərdi və hicri 67-ci ildə Muxtarın qoşunu məğlub oldu.

Amansızcasına yatırılan qiyamlardan biri isə Mədinə əhlinin üsyanı idi. Bu faciə tarixə Hirrə faciəsi kimi düşüb. Yezidin xilafəti zamanı hicri 62 ya 63-cü ildə Mədinə valisi bir neçə şəhər böyüklərini gənc xəlifənin görüşünə göndərdi ki, Yezid onları ələ ala bilsin, çünki Mədinə əhli Kərbəla hadisəsindən böyük hiddətə gəlmişdi. Ancaq düşüncəsiz Yezid onların yanında açıq aşkar içki içir və digər şəriətə zidd əməllər edirdi. Bundan dəhşətə gələn mədinəlilər şəhərlərinə döndükdə əhalini qiyama səslədilər. Beləliklə də şəhər valisi və Əməvi nəslinin nümayəndələri Mədinədən qovuldular. Xəbər Yezidə yetişdikdə o, qiyamçıları cəzalandlrmaq üçün böyük bir qoşun göndərdi. Peyğəmbər (s) nəslinin nümayəndələri, səhabə və tabeinlərin yaşadığı bu şəhər üç gün müddətində soyqırıma məruz qaldı. İmam Səccad (ə) bu işə qarışmadığıdan onun və yaxınlarının canı amanda qaldı.

İmam Səccadın (ə) İmamət dövrünün ən çoxu Əbdülməlik ibn Mərvanın hakimiyyəti dövrünə təsadüf edirdi. Əbdülməlik iyirmi bir il hakimiyyətdə olmuşdur. Tarixçilər Əbdülməliki zirək, ehtiyatlı, uzaqgörən, ədib (ədəbiyyatla məşğul olan), istedadlı və alim kimi qələmə vermişlər. "Əl-Fəxri" kitabının müəllifi deyir: "Əbdülməlik ağıllı, düşüncəli alim, fəzilətli ədib, istedadlı, çox zülmkar, çox heybətli dahi siyasətçi və gözəl tədbirli bir şəxs olmuşdur".

Əbdülməlik hakimiyyətə  gəlməzdən əvvəl Mədinə şəhərinin fəqihlərindən (şəriət elminin alimlərindən) biri sayılırdı. O, zahidlik, ibadət və dindarlıqla məşhur olmuşdu. Öz vaxtını məsciddə ibadət etməklə keçirərdi. Belə ki, ona "məscidin göyərçini" ləqəbini vermişdilər. Deyirlər ki, Əbdülməlik atası Mərvan öldükdən sonra hakimiyyətə yetişərkən Quran oxuyurdu. Bu xəbəri eşitcək Quranı bağlayıb dedi: "Daha mənimlə sənin aranda ayrılıq düşdü. Artıq mənim səninlə işim yoxdur". Əbdülməlik  Qurandan ayrıldı, qüdrətə yetişməsi nəticəsində öz şəxsiyyətini elə dəyişdirdi ki, tarixçilər onun çirkin hökumətini acı xatirələrlə yad edirlər.

Süyuti və İbn Əsir yazırlar: "İslam tarixində Əbdülməlik əhdini danan və xəyanət edən (Əmr ibn Səid ibn Ası aman verdikdən sonra öldürdü), camaatı xəlifənin hüzurunda söz deməkdən məhrum edən və əmr be-mərufun qarşısını alan ilk şəxs olmuşdur.

İmam Səccad (ə) olduqca ağır mühitində yaşadığı üçün öz fikirlərini camaata açıq-aşkar deyə bilmirdi və moizə yolundan istifadə edirdi. O Həzrət camaatı moizə yolu ilə düzgün İslami fikirlərlə tanış edir, zaman keçdikcə unudulmuş, yaxud təhrif edilmiş İslami fikirləri əvvəlki və əsl halına qaytarır və camaatı bacardığı qədər İslam təlimləri ilə tanış edirdi. Bu moizələri araşdırdıqda görürük ki, İmam Səccad (ə) çox hikmətli yolla moizə və nəsihət etməklə yanaşı, onlara demək istədiyi məsələləri çatdırırdı. Bu da o dövrdə əsl İslami fikirləri camaata çatdırmağın ən gözəl yolu idi. Çünki bu məsələlər siyasi nəticə daşımasına və xəlifənin əleyhinə olduğuna baxmayaraq, xilafətin nəzərini qətiyyən özünə cəlb etmirdi. İmam eyni zamanda "İmamət" məsələsinin həqiqətini açıqlayırdı.

İmam Səccadın (ə) təbliğ və mübarizə metodlarından biri də fikir və məqsədlərinin çoxunu dua və minacat şəklində camaata çatdırmaq idi. İmam Səccadın (ə) dualar toplusu Səhifeyi-Səccadiyyə adlanır. Bu kitab Quran və Nəhcül-bəlağədən sonra ən böyük və ən mühüm İlahi maarif xəzinəsi sayılır.

Səhifeyi-Səccadiyyə təkcə Allahın dərgahına dua etmək və hacət istəməkdən ibarət deyil. Bu kitab eyni zamanda İslami elmlər və maarif dəryasıdır. Bu dualarda əqidəvi, mədəni, ictimai, siyasi və bir sıra təbiət və şəriət qayda-qanunları vardır ki, dua şəklində bəyan olunmuşdur. Hicri-qəməri tarixi ilə 1353-cü ildə (altmış yeddi il bundan qabaq) mərcəi-təqlid mərhum Ayətullah əl-üzma Mərəşi Nəcəfi "Səhifeyi-Səccadiyyə"nin bir nüsxəsini özünün həməsri olan, "Təntavi" təfsirinin müəllifi və İsgəndəriyyə müftisinə hədiyyə göndərir. İsgəndəriyyə müftisi bu qiymətli hədiyyəni aldıqdan sonra buna görə çoxlu təşəkkür etmiş və Ayətullah əl-üzma Mərəşi Nəcəfinin cavabında yazmışdı: "Bu bizim bədbəxtliyimizdəndir ki, bu vaxta qədər nübüvvət irsindən olan belə bir əbədi və qiymətli əsərdən xəbərsiz qalmışıq. Mən nə qədər ona baxıram, onu bəşər kəlamından üstün, Tanrı kəlamından isə aşağı görürəm".

Səhifeyi-Səccadiyyənin misilsiz etibar və əhəmiyyətinə görə İslam tarixi boyu bir çox dillərdə dəfələrlə nəşr edilmiş,ərəb və fars dillərində misilsiz şərhlər yazılmışdır.

Ömrünün sonuna qədər İmam Səccad (ə) Mədinədə yaşadı. Hicri 94 ya 95-ci ildə (təqribən miladi 715-ci il) 57 yaşında ikən Mədinə valisi Hişamın əmri ilə İmam (ə) zəhərləndirilərək şəhadətə yetirildi. Həzrət (ə) Bəqi qəbirstanlığında əmisi İmam Həsənin (ə) yanında dəfn olundu.

Qeyd edək ki,Mədinədəki "Bəqi" qəristanlığında yerləşən dörd İmamın məzarı üzərində ucaldılan məqbərə keçən əsrin əvvəllərində(təxmini-1925 ci il) vəhhabi şeyxlərinin göstərişləri ilə dağıdılmışdır və bu günədək mübarək məzarlarının ziyarətinə məhdudiyyət və çətinliklər yaradılır.


Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-5805.html