30 May, 2016
Azərbaycanda builki Həcc ziyarətinin başlanma tarixi açıqlanıb

Azərbaycanda bu il Həcc ziyarətinin başlanmasının vaxtı açıqlanıb.

 

Ahlibeyt.az-ın verdiyi xəbərə görə, Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Apa-ya verilən məlumatda bildirilir ki, bu il Azərbaycandan zəvvarlar Həcc ziyarətinə sentyabrın 2-dən etibarən yola düşəcəklər.

 

Zəvvarlar qrup formasında ziyarətə yollanacaqlar.

 

Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulunu yalnız QMİ aparır və aprelin 1-dən Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu başlayıb.

 

Bu il Azərbaycandan gedəcək zəvvarlar üçün say limiti ötən ilkindən az – 1500 nəfər müəyyənləşsə də, sonrada bu rəqəm daha da azaldılaraq 1040-a endirilib.

 

Ziyarət zamanı daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təmin olunmaq, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşmək 4500 dollar, nisbətən ucuz şəraitli, 6 nəfərlik otaqlarda qalmaq isə 3500 dollardır. Dolların kursuna görə builki ziyarət xərcləri ötən illə müqayisədə təxminən 1000 manata qədər bahadır. Ötən il Azərbaycandan Həcc ziyarətinə 2400 zəvvar gedib, onlardan 3-ü Məkkədə dünyasını dəyişib və orada dəfn olunub.

 

Qeyd edək ki, ötən il Həcc ziyarəti kütləvi insan ölümü ilə nəticələnən hadisələrin baş verməsi ilə də yadda qalıb.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-5193.html