24 Noyabr, 2011
Məhərrəm ayı noyabrın 27-də başlayır

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Məhərrəm ayının başlanması ilə əlaqədar fətva verib

Bakı. Pərvin Abbasov – APA. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Məhərrəm ayının başlanması ilə əlaqədar fətva verib. QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, fətvada 1432-ci Hicri-qəməri ilinin artıq başa çatmaq üzrə olduğu, yeni 1433-cü ilin başlanğıcı-Məhərrəm ayının birinci gününün Miladi təqvimi ilə 2011-ci il noyabr ayının 27-nə təsadüf etdiyi bildirilir.

“Məhərrəm ayı hicri-qəməri ilinin ayları arasında müqəddəs, möhtərəm aylardan biridir. Bu ay müqəddəs İslam dinimizdə döyüşlərin qadağan edildiyi ay olmaqla yanaşı, həm də Aşura - Məhərrəm ayının 10-cu günü İmam Hüseyn (ə) və Əhli-Beyt tərəfdarlarının şəhadətə yetirildiyi ay kimi daxil olub. Müsəlman ümmətinin tarixinə ən acı, lakin eyni zamanda insanlara qeyrət, qürur bəxş edən bir hadisə kimi daxil olmuş Kərbəla faciəsinin nəsillərin yaddaşında yaşaması, İmam Hüseyn (ə) həyat və mübarizəsinin yad edilməsi olduqca böyük əhəmiyyət kəsb edir. Belə ki, İmam Hüseyn (ə) əzadarlığında Haqqın bərpası və Ədalət uğrunda səfərbərlik hikməti var. İmam Hüseyn (ə) dinin saflığı uğrunda mübarizəsinin hər il yad edilməsi bədbinlik əhval-ruhiyyəsinin təlqini deyil, torpağa bağlılığın, işğal olunmuş ərazilərin azad edilməsi uğrunda fədakarlıq və dəyanətə çağırışın təcəssümüdür” – deyə, fətvada qeyd olunub.

Fətvada Aşura gününün 2011-ci il dekabr ayının 6-na təsadüf etdiyi bildirilib: “Kərbəla şəhidlərinin xatirəsinin yad edildiyi təziyə günləri münasibətilə QMİ-nin Qazılar Şurası bütün dindarlara dərin hüznlə başsağlığı verir, onlara Allah-Təaladan səbr, məğfirət diləyir və İmam Hüseyn (ə) əzadarlığını İmamın şəninə layiq şəkildə keçirilməsini tövsiyə edir. Aşura mərasimləri məscidlərdə, ibadət ocaqlarında ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməlidir. Müqəddəs məkanlarda nizam-intizam gözlənilməli, qurşağadək soyunaraq zəncir və ya başqa alətlərlə bədənə xəsarət yetirməklə qan çıxarmaq kimi İslamda bəyənilməyən hərəkətlərə yol verilməməlidir. Son illər təziyə günlərində Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə gerçəkləşən, xalqımız tərəfindən təqdir edilən və İmam Hüseyn (ə) naminə tibbi ehtiyaclar üçün qan verilməsi aksiyalarının təşkili ən münasib əzadarlıq nümunəsidir. Bu təcrübə örnək olaraq müsəlmanlar arasında yayılmalıdır. Ümidvarıq ki, inşallah , dindarlarımız bu il də İmam Hüseyn təziyədarlığı ilə İslamın şəhidlik fəlsəfəsinin mahiyyətinə daha dərindən yiyələnəcəklər. Bu hikməti dərk edən və Azərbaycanın müstəqilliyi yolunda şəhid olmuş xüsusən Qarabağ torpaqlarının azadlığı uğrunda canlarını qurban vermiş Vətən oğullarının xatirəsini yad edərək əziz tutan xalqımız torpaqlarımızın bütövlüyünü, Vətənimizin davamlı tərəqqisini, müqəddəs dini-mənəvi dəyərlərin qorunub saxlanmasını təmin etmək yolunda daha artıq səy nümayiş etdirəcək, inşallah. Vəs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu!”

apa.az

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-488.html