1 İyun, 2015
Fransa hökumət təmsilçiləri ilə Fransa İslam Şurası nümayəndələri arasında görüş keçiriləcək

Tədbirdə müsəlman icması və ziyalılarının nümayəndələri, eləcə də tanınmış yazıçı və ictimai xadimlərin iştirakı nəzərdə tutulub

Fransada yüksək vəzifəli hökumət təmsilçiləri ilə bu ölkədə yaşayan müsəlmanların əsas təşkilatı sayılan Fransa İslam Şurası nümayəndələri arasında görüş keçiriləcək.

Ahlibeyt.az-ın Report-a istinadən verdiyi xəbərə görə,bu barədə "Anadolu" Agentliyi məlumat yayıb.Görüş iyunun 15-də baş tutacaq "İslam dialoqu" adlanır.

Şuranın təmsilçisi Abdullah Zekrinin sözlərinə görə, görüş Fransanın Daxili İşlər Nazirliyində keçiriləcək. Görüşdə hökumət tərəfdən Fransanın daxili işlər naziri Bernar Kaznevin iştirak edəcəyi gözlənilir.

Görüşdə imamların təhsili, heyvanların islam qaydalarına uyğun kəsilməsi üçün xüsusi yerlərin ayrılması, habelə Fransada yaşayan müsəlmanların üzləşdiyi digər problemlərin müzakirə ediləcəyi planlaşdırılır.

Tədbirdə müsəlman icması və ziyalılarının nümayəndələri, eləcə də tanınmış yazıçı və ictimai xadimlərin iştirakı nəzərdə tutulub.

Təsdiqlənməmiş məlumata əsasən, hazırda Fransada 5 milyona yaxın müsəlman yaşayır. 2011-ci ilin məlumatına görə, ölkə əhalisinin sayı 63 136 180 nəfərdir.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-3183.html