
Dövlət Sərhəd Xidməti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə tədbirlər planına uyğun olaraq,Dövlət Sərhəd Xidmətinin Aparatında “Azərbaycanda radikal dini cərəyanlar və onlara qarşı mübarizə” mövzusunda seminar keçirilib.
Ahlibeyt.az-ın Dini Komitənin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Dövlət Sərhəd Xidməti rəisinin müavini general-mayor Azad Ələkbərov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov seminarda çıxış edərək bəzi qüvvələrin radikal dini cərəyanların ölkəmizdə təbliğinə, dövlətimizin dünyəvi xarakterini dəyişmək və sabitliyi pozmaq üçün dini ayrı-seçkilik yaratmaqla insanları müxtəlif təriqətlərə parçalamağa, vətəndaşlarımızı xaricdə fəaliyyət göstərən dini ekstremist qrupların və onların silahlı dəstələrin tərkibində iştirakına cəlb etməklə cinayət tərkibli əməllər törətməyə cəhd göstərdiklərini vurğulayıblar.
Seminarda dini amillərdən yaralanmağa cəhd göstərən radikal qüvvələrə qarşı dövlət qurumları tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verilmiş, bu kimi ünsürlərlə mübarizədə hamının sayıqlıq göstərməsinin zəruriliyi qeyd olunub.
Sonda dinləyicilərin sualları cavablandırılıb.