7 Aprel, 2015
Azərbaycan prezidenti Məkkədə ümrə ziyarətində olub(fotolent)

Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri İslam dünyasının əsas müqəddəs şəhəri Məkkədə ümrə ziyarətində olublar.

Ahlibeyt.az-ın Prezident.az-a istinadən verdiyi xəbərə görə, Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri xüsusi libas geyinərək Əl-Həram məscidinə gəldilər.

Bir neçə mərtəbəli və doqquz minarəli məscid öz gözəlliyi və əzəməti ilə insanı heyran edir.

Ziyarətgahın rəhbərləri dövlətimizin başçısını mehribanlıqla qarşıladılar.

Azərbaycan Prezidenti İlham Əliyev və onu müşayiət edən şəxslər Kəbənin ətrafına dolandılar, məsciddə namaz qıldılar.

Sonra Səfa və Mərvə təpələrinin ziyarəti başlandı. Azərbaycan Prezidenti və ailə üzvləri bu iki təpə arasındakı məsafəni yeddi dəfə qət etdilər.

Həzrəti Məhəmməd (s) bu torpaqda doğulub, peyğəmbərliyə çatıb, İslam dini Məkkədə yaranıb. Məkkədəki Allah evi Kəbə həzrəti Məhəmməd Peyğəmbərin (s) dövründən başlayaraq bütün dünya müsəlmanlarının ən əsas müqəddəs ziyarətgahına çevrilib. Sonralar Kəəbə və müqəddəs “Zəmzəm” çeşməsi, Səfa və Mərvə təpələri arasında əzəmətli məscid tikilib. Hər il həcc ziyarəti zamanı dünyanın ən müxtəlif guşələrindən gələn milyonlarla müsəlman Kəbənin ətrafına dolanır, müqəddəs Qara daşı öpür, məsciddə namaz qılır.

Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Kəbəyə daxil oldular, burada namaz qıldılar.

Ayə və hədislərdən də bəlli olduğu kimi, Kəbə Yer üzündə insanlar üçün məbəd olaraq tikilən ilk evdir. Aləmlərə uğur, bərəkət və hidayət qaynağı olaraq qurulan Kəbə haqqında Allah-Təala “Qurani Kərim”in “Al İmran” surəsində belə buyurur: “Həqiqətən, aləmlərdən ötrü bərəkət və doğru yol göstəricisi kimi, insanlar üçün ilk qurulan ev Məkkədədir. Orada aydın nişanələr-İbrahimın məqamı var. Oraya daxil olanın təhlükəsizliyi təmin olunar...”.Tarix boyu bir çox dəyişikliklərə məruz qalan Kəbə müxtəlif dövrlərdə qismən, ya da tamamilə yenidən inşa olunub və bugünkü möhtəşəmliyinə çatıb.

Ümrə ziyarəti başa çatdıqdan sonra dövlətimizin başçısı Əl-Həram məscidini seyr etdi.

Azərbaycan Prezidentinə məscid haqqında ətraflı məlumat verildi.

 

40002-c9fae80cfee6772a3b27ee424d97a92c

39993-1ee7d9bb04eb84f1acb16395888c7412

39987-1c5ef37ce98d409831f2ec5ec7061f54

39985-d5e6172cb2b0379d5f242f46b015bfcb

39999-f9fccdd61a7b82ee2431eecdd7e33340

39998-a7fd428e67f2654a96d859bd1159706c

40021-4177f2c79aed59e166143b6109cb1b32

40016-7b4e2fec2f7fd9abfc56fd0cbf2723c7

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-2962.html