20 Fevral, 2015
Həcc ziyarətinə sənəd qəbulu təxirə salınıb - qiymətlərdə dəyişiklik gözlənilir

Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu mart ayının 10-nə qədər təxirə salınıb.

Ahlibeyt.az-ın Anspress-ə istinadən verdiyi xəbərə görə, Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumatda bildirilir ki, bu il üçün Həcc ziyarətinə getmək istəyən zəvvarlardan sənəd qəbulu və siyahıya alınması tarixi martın 10-a kimi təxirə salınıb.

Verilən məlumata görə, sənəd qəbulu fevralın 20-dən start verilməsi planlaşdırılırdı. Lakin müəyyən hazırlıqların yekunlaşmamasına görə, işlər dayandırlıb.

Bundan əlavə bildirilib ki, sənədlərin qəbulunun təxirə salınmasına səbəb olan əsas amillərdən biri də, ziyarətin təşkililə bağlı qiymətlərin hələ müəyyən edilməməsidir.

Ehtimal olunur ki, bu il qiymətlər əvvəlki illərə nisbətən baha olacaq. Çünki Məkkədə 24 böyük otel sökülüb. Bundan başqa, daşınma ilə də bağlı müəyyən problemlər var. Buna görə də, otel və nəqliyyat qiymətlərinin bahalaşması gözlənilir.

Qeyd edək ki, bu il də zəvvarlar ziyarətə yalnız təyyarə ilə gedəcəklər. Suriyada baş verən hadisələrlə əlaqədar avtobuslarla səfər nəzərdə tutulmur.

Sənəd qəbulu yalnız Qafqaz Müsəlmanları İdarəsi tərəfindən aparılır. Digər ziyarət təşkilatlarına isə heç bir zəmanət verilmir.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-2825.html