13 Fevral, 2015
Məzhəblər bir-birini tanımalıdır

İslam dünyasının bugünkü ən mühüm problemi müsəlmanların vəhdətidir desək, səhv emərik. Yüzilliklər boyunca İslama qarşı həyata keçirilən gizli və açıq səlib yürüşlərinin fonunda vəhdət probleminin aktuallığını hər an əvvəlkindən daha artıq duyuruq.

Xüsusilə, son illərdə müsəlman dünyasının qaynar nöqtələrində baş verən qarşıdurmalarda daha tez-tez məzhəbi şüarlar eşidir, məzhəbi çalarlar görürük.

Lakin vəhdət məsələsi o qədər də sadə və asan deyildir. Müsəlmanların vəhdətinin qarşısında bir neçə maneə durmaqdadır. Bu maneələrin bir qismi tarixi şəraitdən qaynaqlansa da, bir qismi müəyyən qüvvələr tərəfindən süni surətdə yaradılmışdır. Və bu gün də bəzi qüvvələr həmin maneələrin qalmasında və İslam vəhdətinə əngəl olmasında maraqlıdır.

Müsəlmanların dostluq, qardaşlıq və anlaşma şəraitində yaşamasına mane olan ən birinci amil məzhəblərin bir-birini lazımınca tanımaması, bir-biri haqqında sui-zənn etməsidir. Bu xəbərsizliyin günahkarl isə həm o şəxslərin özləri, həm də onların dini liderləridir. Kifayət qədər dini savadı olmayan həm şiə, həm də sünni məzhəbli müsəlmanlar bəzən qarşı tərəfin əqidə prinsipləri və şəriət hökmləri ilə tanış olmadan tənqidə başlayırlar. Bu zaman çox ciddi anlaşılmazlıqlar yaranır.

Əllamə Müzəffərin “Şiəlik baxımından ideoloji məsələlər” kitabına müqəddimə yazmış Ayətullah Mühəmməd İştihardi qeyd edir ki, şiə məzhəbli tanışlarından biri Səudiyyə Ərəbistanında həcc səfərində olarkən, başına bu hadisə gəlir: Əslən Suriyadan olan və əhli-sünnəyə mənsub bir nəfər ona yaxınlaşıb soruşur ki, siz şiələr niyə namazların sonunda 3 dəfə “xanəl-Əmin”, yəni “Əmin (Cəbrail) xəyanət etdi” deyirsiniz? Şiə məzhəbli kişi cavab verir: “İcazə ver, sənin gözünün qabağında iki rükət namaz qılım, bax gör ki, biz şiələr necə namaz qılırıq”. Sonra o, iki rükət namaz qılır, axırda da adət üzrə 3 dəfə əllərini yuxarı qaldırıb təkbir deyir: “Allahü əkbər!” Suriyalı müsəlman onun qıldığı namazı diqqətlə seyr edir və belə söyləyir: “Sən özün əcəm olsan da, ərəblərdən daha düzgün namaz qılırsan”. Söhbətdən məlum olur ki, ona belə öyrədiblər ki, guya şiələr peyğəmbərliyin Həzrət Mühəmmədə (s) deyil, İmam Əliyə (ə) verilməli olduğuna inanırlar. Guya şiələrin əqidəsincə, Cəbraili-Əmin xəyanət edərək vəhyi Əliyə (ə) deyil, Mühəmmədə (ə) çatdırıb. Ona görə də şiələr hər namazdan sonra “xanəl-Əmin” (“Cəbraili-Əmin xəyanət etdi”) deyirlər

Təəssüf ki, bu cür xəbərsizlik günümüzə kimi davam etməkdədir. Hətta müəyyən səviyyədə dini təhsil almış əhli-sünnə qardaşlarıın bəziləri şiə məzhəbinin mötəbər mənbələrinin adını belə, bilmir. Onların zənnincə, şiə məzhəbində təfsir, kəlam, hədis, rical kimi elmlər inkişaf etməmişdir.

Eyni səviyyədə cahillik və məlumatsızlıqla şiələr arasında da qarşılaşmaq olar. Bəzi şiələr belə düşünürlər ki, əhli-sünnənin şəriət hökmləri heç bir mənbəyə əsaslanmır və guya sünniliyin başçıları heç bir ayəyə və hədisə söykənmədən özlərindən məzhəb yaratmışlar. Şiə dünyasının ünlü müctəhidlərindən olmuş mərhum Ayətullahül-üzma Seyyid Hüseyn Birucerdi bu şübhəni qətiyyətlə rədd edir, tələbələrinə israrla tapşırırdı ki, əhli-sünnə rəvayətləri ilə yaxından tanış olsunlar, onları diqqətlə araşdırsınlar. Bu böyük alimin özü dərslərdə hər hansı fiqhi məsələni izah edərkən, şiə rəvayətləri ilə yanaşı əhli-sünnə rəvayətlərini də söyləyir, bu rəvayətlər əsasında sünni alimlərinin verdikləri fətvaları xatırladır, şiə əqidəsi ilə zidd olan məqamlara aydınlıq gətirirdi.

Məzhəblərin bir-birindən xəbərsizliyi bəzən son dərəcə qəribə vəziyyətlrin yaranmasına da gətirib-çıxarır. Şeyx Əli Xiyabani Təbrizi “Üləmaye-müasir” kitabında (səh. 50) öz qohumlarından bir nəfərin dilindən belə bir əhvalat nəql edir: “Məşhur mərceyi-təqlid Şeyx Fazil İrəvaninin Təbrizdə risaləsi nəşr olunanda özümlə bir qədər risalə götürüb Nəcəfə getdim. (O zamanlar Nəcəf də sair İraq şəhərləri kimi Osmanlı imperiyasına tabe idi). İranla İraqın sərhəddində İraqın gömrük işçiləri risalələri yerli qaziyə təhvil verdilər ki, oxusun və kitabların ölkəyə buraxilması haqqında rəy bildirsin. Qazi risaləni əlinə götürüb açdı, rastına çıxan ilk məsələni oxudu: “Şiə ya sünni olmasından asılı olmayaraq bütün müsəlmanların qüsl-kəfən edilməsi və dəfni vacibdir”. Qazi üzünü mənə tutub soruşdu: “Bu kitabın müəllifi kimdir?” Cavab verdim: “Şiələrin mərceyi-təqlidi Molla Mühəmməd İrəvani”. Qazi qeyd dəftərçəsini açıb orada bu sözləri yazdı: “Şiə alimlərindən filankəs öz kitabında şiələrlə yanaşı sünnilərin də dəfn edilməsinin vacib olduğunu yazıb”. Sonra o, Fazil İrəvaninin bu fikrini xeyli təriflədi. Hiss etdim ki, şiə məzhəbində bu əqidənin olmasından xəbəri yoxdur və Fazil İrəvaninin fətvası onun üçün xoş bir yenilikdir. Ürəyimdə təəssüf etdim ki, heyif bu vəzifədə olan bir şəxs bilmir ki, bu fətva yalnız Fazil İrəvaniyə məxsus deyil və şiə məzhəbinin ümumi rəyi belədir”.

Mənbə:İslam.az

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-2807.html