
Ahlibeyt.az-ın əldə etdiyi dəqiqləşdirilmiş məlumata görə müqəddəs Kərbəla şəhərində Azərbaycandan gedən bir neçə qrup ziyarətlərini maneəsiz davam etdirirlər.Verilən məlumata görə bu müqəddəs məkana ziyarətə gələnlər şəhərə heç bir maneəsiz daxil olurlar və onlara belə bir qadağanın tətbiq olunması barədə heç bir xəbərdarlıq edilməyib.
Hal-hazırda Kərbəla şəhərində ziyarətdə olan zəvvar qrup rəhbərlərinin verdiyi məlumata görə nə İraq dövləti daxilində nə də xarici vətəndaşların bu müqəddəs şəhərə girişində heç bir maneə və qadağalar tətbiq olunmayıb.Yalnız təhlükəsizlik tədbirləri gücləndirilmiş vəziyyətə gətirilib ki,bu da ölkə daxilinə sızan xarici terror dəstələrinin hücum və törədə biləcəkləri terror aktlarının qarşısının alınması üçün həyata keçirilir.
Qeyd edək ki,bir neçə gün əvvəl bəzi xəbər agentlikləri tərəfindən xarici zəvvarların Kərbəla şəhərinə girişinin qadağan olunması barədə məlumat yayımlanmışdır.Bu isə öz növbəsində Kərbəla ziyarətinə getməyə hazırlaşan zəvvar və ziyarət təşkilatçıların təşvişinə səbəb olmuşdur.