28 Aprel, 2010
Həzrət Zəhranın(s.ə) mübarizəsi

Hz.Əli(ə) qiyam etmir,  əks təqdirdə qarışıqlıq düşər, Xanım Zəhra(s.ə) isə qiyam edir. Çünki qadının qiyama qalxması müharibəyə zəmin yaratmır. Xanım Zəhra(s.ə) mübarizəyə qalxsa da kütləvi mübarizə yaranmır, eyni zamnda da Hz.Əlinin(ə) sözü də çatdırılır. Əli(ə) etiraz edə bilməz, Zəhra(s.ə) isə edə bilər. Əli(ə) məsciddə danışa bilmir, onun əvəzinə Hz.Zəhra(s.ə) danışır və Mədinə məscidində məhşur xütbəsini oxuyur. Əliyə(ə) beyəti uzatmaq üçün vaxt lazımdır, bu vaxtı ona Xanım Zəhra(s.ə) qazandırır. Allahın əmri ilə haqqın, vilayətin müdafisəinə qalxan Hz.Fatimə(s.ə) bu yolda Əhli-Beytdən(ə) ilk şəhid olur. Elə ki, Xanım Zəhra(s.ə) missiyasını başa çatdırdığını və bu yolda bütün şəxsiyyətini xərclədiyini görür, Allahdan ölüm istəməyə başlayır.

Həzrət Zeynəb(s) nəql edir: “Anam gecə yarısı dua edirdi. Gördüm mədinəliləri dua edir (həmin mədinəliləri ki, öz sükutları ilə ona edilən zülmə bais oldular). Biz sevindik, anamızın dövrəsini aldıq, axı xəstə adam dua edəndə şəfa istəyər. Biz əyləşdik anam Zəhranın ətrafında ki, o şəfa istəyəndə biz də “amin” deyək. Anam əlini qaldırdı və mədinəliləri dua etdikdən sonra dedi: “İlahi! Ölümümü yaxınlaşdır”.

Qeyd olunduğu kimi, Xanım Fatimeyi-Zəhranın(s.ə) qiyamı və inqilabı olduqca böyük əhəmiyyətə malik idi. Xanım Fatimeyi-Zəhranın(s.ə) Fatimiyyəsi İslamın qorunmasında Kərbəladan az əhəmiyyətə malik deyil. Lakin o da qeyd edilməlidir ki, Fatimeyi-Zəhranın(s.ə) qiyamı olduqca qarışıq bir dövrə təsadüf edib, qarışıq və mürəkkəb şəraitdə baş verdi. Fatimiyyədə baş verən qarşıdurma zahirən neçə nəfərin arasında olsa da, həmin hadisələrin həqiqəti və batini tamam başqa idi. Ümumiyyətlə, hadisələrin zahirinə baxıb düzgün nəticə çıxarmaq olmur. Çox zaman zahir insanı aldadır, insanların çoxu da zahirpərəsdirlər, zahiri görürlər. Düşmənlər də hər zaman bundan məharətlə istifadə edirlər. Tarixdən bir misal çəkək. Əbu Musa Əşəri Peyğəmbər(s) səhabələrindən biri idi. Hz.Əli(ə) ilə Muaviyə arasında döyüş baş verən vaxt müsəlmanlar Əbu Musadan məsləhət soruşurlar. O isə cavab verir: “Mən özümü xatırladığımdan Bəni Üməyyə ilə Bəni Haşim bir-birilə müharibədədir. (Bəni Üməyyə Muaviyyənin qəbiləsidir, Bəni Haşim Əlinin(ə) və Peyğəmbərin(s)). Bunların ixtilafları çoxdanın məsələsidir”. Əslində, o düz deyirdi. İslamdan qabaq bu iki qəbilə bir-biri ilə düşmən idi. Ancaq məsələ bundadır ki, elə əvvəldən də bu iki qəbilənin davası haqq və batil davası idi. Peyğəmbərin(s) qəbiləsi olan Bəni-Haşimin hamısı İbrahim peyğəmbərə(ə) kimi fəzilətli insanlar və İbrahimin(ə) dinində idi. Bəni-Üməyyə isə əvvəldən axıra qədər azğın yolda olanlar idi. Əbu Musa Əşəri hadisənin zahirindən istifadə edib camaatın zehnini azdırırdı. Guya bu müharibənin İslama heç bir aidiyyatı yoxdur və bu sırf iki qəbilənin davasıdır. Xanım Zəhranın(s.ə) qiyamında, inqilabında da belə məqamlar çox idi.

Xanım Fatimeyi-Zəhranın(s.ə) inqilabının əhəmiyyəti onda idi ki, o, zahirpərəstlərin gözünün qarşısındakı pərdələri çəkirdi və düşmənlərin mahiyyətini açıb göstərirdi. Fatimeyi-Zəhra(s.ə) çalışırdı ki, insanlara bu davanın həqiqətini göstərsin, camaatı aldanmağa qoymasın. Xanım Zəhranın(s.ə) bütün addımlarını təhlil edəndə onun mübarizəsinin necə düşünülmüş olduğunu görürsən.

Xanım Fatimeyi-Zəhrayla(s.ə) hz.Əlinin(ə) müqabilində dayanan insanların məqsədi ümumiyyətlə dinin aradan getməsi idi. Onlar Peyğəmbər(s) zamanından dinin aradan aparılması barədə fikirləşirdilər. Peyğəmbər(s) ölüm ayağında olanda onları Usamənin ordusuna qoşub Mədinədən çıxartmaq istəyirdi. Onlar isə qoşuna qoşulmadılar. Peyğəmbər(s) dedi: “Məgər sizə demədimmi ki, gedin?” Dedilər: “Allah Rəsulunun vəfat elədiyi vaxt istəyirik Mədinədə olaq.” Peyğəmbər(s) də buyurdu: “Allah lənət etsin Usamə qoşununu tərk edib qayıdanlara”. Batil cərəyan haqqın müqabilində dayanır. Odur ki, batilin məqsədi dinin aradan getməsidi. Bunu başa düşəndən sonra Xanım Zəhranın(s.ə) qiyamının əhəmiyyətini, Xanım Zəhranın(s.ə) necə bir selin qarşısında dayandığını təsəvvür etmək olur.  Xanım Zəhra(s.ə) Əliyə(ə) yardım etdi, müxaliflər isə bunu gözləmədiklərindən çətin vəziyyətə düşdülər.  Tarixdə var ki, Peyğəmbər(s) hər dəfə qızı Fatiməni(s.ə) görəndə ayağa qalxarmış. Bu atanın övlada məhəbbəti deyildi, bu Xanm Zəhranın(s.ə) ictimai mövqeyini möhkəmləndirmək üçün atılan addım idi. Qızlarını diri-diri basdırmağa alışan, qızın doğulmasını ayib bilən ərəblər üçün bu cür davranış olduqca qəribə idi. Ona görə onlar Peyğəmbərin(s) qızına təzim etməsi ərəblərdə dillər əzbəri olmuşdu. Fatimənin(s.ə) Peyğəmbər(s) yanındalı ehtiramı mədinəlilərin yadında idi. Ona görə, əmr olunanda ki, Əlinin(ə) qapısı yandırılsın, camaat demədi ki, bu “Əlinin evidir”, dedilər “Fatimənin evidir”. Peyğəmbər(s) sağlığında Fatimənin(s.ə) tanıtdırmışdı ki, o öz vücudu ilə vilayəti qoruya bilsin.

Odur ki, Həzrət Fatimə(s.ə) mübarizəyə qalxanda müxaliflər çaşqınlığa düşdülər. Əgər Fatiməyə(s.ə) bir şey etsələr nüfuzdan düşə bilərlər. Etməsələr Əli(ə) beyətdən yayınacaq. Onlar Hz.Əlini(ə) çətin duruma salmaq istədilər. Hz.Fatimə(s.ə) onları çətin vəziyyətə saldı. Onlardan biri küçədə Xanım Zəhranın(s.ə) üzünə zərbə vururarkən qəzəbini tökürdü. Çünki Fatimənin(s.ə) onların planlarını puça çıxaracağını anlayırdı. O qədər qəzəblənmişdi ki, bu işə əl atdı. Xanımın(s.ə) evinə hücum edərkən bilirdi ki, Xanım(s.ə) qapının arxasındadır və qapını elə sıxdı ki, Hz.Zəhranın(s.ə) naləsi ucaldı. O məqamdə Hz.Fatimənin(s.ə) müqəddəsliyini aradan aparmaq istəyirdilər. Tarixdə buna oxşar hadisə də baş vermişdi. Peyğəmbər(s) son nəfəsində deyəndə ki, kağız-qələm gətirin, onlar Peyğəmbər(s) üçün “sayıqlayır” dedilər. Allahın Rəsulu(s) Hz.Əliyə(ə) buyurdu ki,  onları otaqdan çıxartsın, qoy onların bu sözü yayılmasın və İslam Peyğəmbərinin(s) əzəmətinə xələl dəyməsin. Söz yayılmasın ki, ümmət öz Peyğəmbərinin(s) sağlığında ikən ona hörmətsizlik edib. Odur ki, Peyğəmbərə(s) vura bilmədikləri zərbəni Hz.Zəhraya(s.ə) vurdular. Xanım Fatimeyi-Zəhra(s.ə) Əlinin(ə) həm canını həm imamətini qorudu. On iki imamımızın(ə) hamısı imamət elədiklərinə görə Hz.Zəhraya(s.ə) borcludur. Onların anaları fəda olmasaydı, imamətləri mümkün olmazdı. Vilayətin İmam Hüseynə(ə), İmam Zamana(ə.f) yetişməsinə görə Xanım Zəhra(s.ə) canını fəda etdi. İmam Zaman(ə.f) gələcəkdə öz inqilabına görə Xanım Fatimeyi Zəhranın(s.ə) bu inqilabına borcludur.

Həzrət Zəhra(s.ə) Peyğəmbərdən(s) sonra 75-90 gün yaşadı. Həmin müddətdə din qorundu. Həmin müddəti Fatimə(s.ə) Hz.Əli(ə) üçün uddu. Əks təqdirdə Hz.Əlini(ə) ölüm və beyət arasında seçim etməyə məcbur edəcəkdilər. 75-90 gün kifayət idi ki, insanlar Əhli-Beytin(ə) xəlifəyə müxalif olduğunu, ona etiraz etdiyini başa düşsün. Neçə il sonra Muaviyə Həzrət Əliyə(ə) məktubunda yazırdı: “Beyət eləmək üçün səni dəvə kimi çəkə-çəkə apardılar, sənə heç kəs dəstək vermədi.” Həqiqətən də, Həzrət Əlinin(ə) dəstəyi yox idi və Xanım Fatimə(s.ə) öz mövqeyindən istifadə etdi. Əlini(ə) beyət etmək üçün məscidə qolubağlı aparanda, Həzrət Zəhra(s.ə) daxil oldu məscidə və buyurdu: “And ola Allaha, Əlinin qolunu açmasaz atam Peyğəmbərin qəbrinə gedib sizə bəddua edəcəm!” Salman nəql edir ki, Fatimə(s.ə) gedəndə Mədinə məscidinin sütunları titrədi. Xanım(s.ə) Həzrət Peyğəmbərin(s) məzarına tərəf gedəndə Hz.Əli(ə) onu Salmanın əlilə dala qaytartdı. Xanım(s.ə) da dedi: “Əlinin əmridirsə qayıdıram ancaq onun əllərini açmayınca evimə dönməyəcəm.” Həzrət Əlinin(ə) əlini açıb buraxdılar və o, beyət etmədən qayıtdı. Bu Xanım Zəhranın(s.ə) mübarizəsinin nəticəsi idi ki, Hz.Əli(ə) əlinə silah götürmədən beyətdən yayındı.

Xanım Fatimə(s.ə) ölümü ilə də mübarizə nümayiş etdirdi. Hz.Əliyə(ə) vəsiyyət etdi ki,  onu gecə qüsl etsin, gecə kəfənləsin və gecə dəfn etsin. Müsəlman dəfn olunarkən yaxşıdır ki, çox adam yığışsın. Ancaq Peyğəmbər(s) gözünün nuru Fatiməni(s.ə) yeddi nəfərlə gecə gizlin dəfn etdilər. Peyğəmbər(s) qızının gizli dəfn olunması, mübarək məzarının bugünədək gizli qalmasının məqsədi insanları düşündürməkdir. Bu addımla Xanım Zəhra(s.ə) öz etirazını tarixə yazdı.

 

Material Hacı Şahin Həsənlinin 2009-cu ildə Əyyami-Fatimiyyədə etdi xütbə əsasında hazırlanıb

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-197.html