6 May, 2014
Hacı Şahin Həsənli-Mən şəriət adından fətva verməmişəm

“Mən şəriət adından fətva verməmişəm. Bizim şəriət adından fətva verməyə səlahiyyətimiz yoxdur”. Bu barədə kişilərin cinsini dəyişməsilə bağlı fətva verdiyi bildirilən tanınmış ilahiyyatçı alim, Məşədi Dadaş məscidinin axundu Hacı Şahin Həsənli ANS PRESS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, sadəcə olaraq son zamanlar bəşəriyyətin qlobal problemi barədə şəriətin göstərdiyi yollar barədə danışıb.

“Bu şəriət məsələsidir. Müəyyən fiziki qüsurlu insanlar olur ki, onlarda müəyyən yaş dövründən sonra orqanizmdə fiziki dəyişiklik baş verir. Bəzi istisna hallarda şəriətdə bəzi fiziki qüsurların insanların cinsini dəyişməsinə yol verilə bilər. Alimlərin bəziləri çıxılmaz hallarda buna icazə verildiyi bərədə bildirirlər”,
İlahiyyatçı alim şəxsən bu məsələnin əleyhinə olduğunu bildirib: “Təbii ki, mən şəxsən bunun tərəfdarı deyiləm. Bu barədə təşviqat aparmaq olmaz. İnsanları buna cəlb etmək günahdır. Bu məsələ sadəcə müasir dövrün bəlasıdır və insanlar şəriətdən də bu barədə cavab almaq istəyirlər. Bu barədə də din alimlərinin fikirləri müxtəlifdir. Bəziləri buna icazə verildiyini, bəziləri isə günah olduğunu bildirir. Əgər insan fiziki qüsurla dünyaya gəlibsə. İnsanda kişiliyə nisbətən qadınlıq hissləri daha güclüdürsə. Bu problem onun həyatını alt-üst edirsə, o, cinsini tibbi yolla dəyişdirə bilər. Lakin gərək həmin şəxs həkimlərin yoxlanışından keçsinlər. Həkimlərin rəyindən sonra bu addım atıla bilər. Bunu mən deməsəm də, bəzi şəriət kitablarında bu barədə yazılır.”.

Hacı Şahin onu da əlavə edib ki, bu məsələdən bəzi araqarışdıranlar istifadə edə bilər. Bu məsələni İslam dinini bölmək istəyənlər təriqət fikirləri kimi də səsləndirə bilər. Axundun sözlərinə görə, buna əsla yol vermək olmaz.

“Bu fikirlərin sünni, yaxud şiə məhzəblərinə aid olmasını demək düzgün deyil. Bu elmdir. Buna fərqli yanaşmalar ola bilər. Bu təriqət məsələsi deyil. Qəti bunu hansısa iğtişaş uğrunda yozmaq olmaz. Kütləvi şəkildə bunun artmasına şəriət icazə vermir”, - deyə Hacı Şahin əlavə edib.

Onun sözlərinə görə, bu və digər məsələlərdə dindarlar mütləq qaranlıq məsələlərə aydınlıq gətirməlidirlər. Bəzi qaranlıq məqamlardan biri də, süni mayalanma ilə bağlıdır.

“Bu həmçinin süni mayalanmaya aiddir. Əgər insanın təbii yolla övladı olmursa, o zaman süni mayalanmadan istifadə edə bilər”,

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1968.html