30 Aprel, 2014
Mübarək Rəcəb ayı daxil olur

Bismillahir rəhmanir rəhim

Bu axşam qəməri təqvimi ilə mübarək Rəcəb ayı daxil olur.

Mübarək Rəcəb ayı - Allah qonaqlığı üçün səfərə hazırlıq aylarından birincisidir. Bu ay - tövbə diləmə, bağışlanma istəmə, ləyaqət və şərafət əldə etmə ayıdır.

Rəcəb ayı haqqında İmam Cəfər Sadiqdən (ə) nəql edirlər: "Qiyamət günü carçı ərşin bətnindən bir fəryad çəkər: "Eynər-racəbiyyun? (haradadır rəcəb ayının əhli?)". Və insanlardan bir qrup ayağa qalxar və onların simasının nuru topluma işıqlıq və nuraniyyət verər. Bu insanların başlarının üzərinə dürr və yaqutla zinətlənmiş sultanlıq tacları qoyular. Onların hər birinin sağ tərəfində min mələk və sol tərəfində min mələk olar. Və (mələklər) söyləyərlər: "Ey Allahın bəndəsi! Xoş gəlmisən! Allahın sənə əta etdiyi sənin üzərinə mübarək olsun!". Bu zaman Allah (cəllə-cəlaluh) tərəfindən nida gələr: "Ey mənim qadın və kişi bəndələrim! İzzət və cəlalıma and olsun ki, sizin mübarək məqamınızı əziz tutacağam və sizə çoxlu sayda ətalar bəxş edəcəyəm və sizə behiştdə saraylar verəcəyəm ki, orada çaylar axır. Və orada əbədi qalacaqsınız. Və nə gözəl mükafatdır o kəslər üçün ki, çalışmışdırlar. Siz könüllü surətdə - Mənim xatirimə, bir ayda ki, onun hörmətini uca tutdum və haqqınin riayət olunmasını vacib bildim - oruc tutdunuz. Ey mənim mələklərim! Bu kişi və qadın bəndələrimi behiştə aparınız!". Bu mükafat o kəs üçündür ki, bu ayın bir miqdarında oruc tuta. Və hətta 1 gün olsa da belə: əvvəlində, ortasında və ya axırında".

Rəcəb ayının əməllərindən

Rəcəb ayının ilk gecəsi (yəni, cəmaduyəs-sani ayının axırıncı günündən rəcəb ayının ilk gününə keçən gecə) bu duanı oxumaq tövsiyə edilmişdir: "Əllahummə bərik lənə fi racəbin və şəbənə və bəlliğnə şəhra-Raməzan" (Duada Allah Təaladan 3 mübarək ayın - Rəcəb, Şəban və Ramazan aylarının fəzilətlərinin əta edilməsi istənilir)
Rəcab ayının ilk cüməsinin gecəsi (yəni Rəcəbin ilk cümə axşamından ilk cüməsinə keçən gecə) "leylətul-rəğayib" adlanır. Bu gecəni ibadət və dualarla keçirmək tövsiyə olunub.

Rəcəb ayının əvvəl, orta və axır günlərində qüsl almaq müstəhəbdir və bu əməl günahların bağışlanmasına səbəb olar.
Rəcəb ayının bütün günləri oruc tutmaq müstəhəbdir və günahların bağışlanmasına səbəb olar. Hər kəs də qismət olan miqdarda bu günlərdən bəhrələnə bilər.
Rəcəb ayında ən azı 3 gün oruc tutmağın çox böyük fəziləti vardır. O kəslər ki, Rəcəb ayında oruc tutmaq imkanları yoxdur, onun yerinə sədəqə versinlər (imkanları çərçivəsində). Oruc tutmağa və sədəqə verməyə imkanı olmayan insanlar, əvəzində zikrlər deyə bilərlər.
Rəcəb ayında Məsumların (ə) mübarək hərəmlərini ziyarət etməyin böyük fəziləti vardır.

Rəcəb ayında tövbə və istiğfar etməyin və təhlil (lə iləhə illəllah) deməyin böyük fəziləti vardır.
Həzrət Rəsulullahdan (s) nəql edilir: "Hər kim rəcəb ayında 100 dəfə söyləyə: "əstəğfirullahəl - ləzi lə iləhə illə huvə vəhdəhu lə şərikə ləhu və ətubu iləyh" və oxuduğu duanı sədəqə ilə xətm edə (başa çatdırsa), Allah Təala da onun durumunu rəhmət və bağışlama ilə xətm edər. Və hər kim (bu zikri) 400 dəfə desə, onun üçün 100 şəhidin savabı yazılar".

Rəcəbin 15-nin gecəsində (14-dən 15-nə keçən gecə) 12 rükət namaz ricaən (qəbul olma ümidi) niyyəti ilə qılmaq bəyənilmişdir;
Rəcəb ayının 15-də qüsl almaq, oruc tutmaq, İmam Hüseyni (ə) ziyarət etmək - bəyənilmiş əməllərdəndir.
Rəcəb ayında çox deyilməsi tövsiyə edilən zikrlərdən: "Əstəğfirullahə və əs-əluhut-təvbə"

Qeyd:İslam təqvimində ən fəzilətli  gecələrdən biri olan  Leylətul rəğaib(Rəğaib gecəsi)Rəcəb ayının birinci cümə gecəsinə(cümə axşamı günü şam azanından sonra) təsadüf edir.Bu gecənin xüsusiyyət və əməlləri barədə saytımızın Rəcəb ayı bölməsində məlumat əldə edə bilərsiniz

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1939.html