28 Aprel, 2010
Həzrəti Fatimənin(s.ə) şəxsiyyəti

Xanım Zəhranın(s.ə) tarixi rolu o qədər mühümdür ki, bu rolu ifa etmək üçün Xanım Zəhra(s.ə) bu cür əzəməti xərclədi

Hz.Zəhranın(s.ə) mübarizəsinin tarixi əhəmiyyəti barədə danışmağa həmişə ehtiyac var. Adətən daha çox Xanım Zəhranın(s.ə) mənəviyyatı barədə danışılır, ancaq  Hz.Zəhranın(s.ə) tarixdə oynadığı rol, tarixi əhəmiyyəti, onun mübarizəsinin əhəmiyyəti açıqlanmayıb. Bu çətin bir bəhs olasa da, Xanım Zəhranın(s.ə) mübarizəsinin əhəmiyyətini başa düşməyimiz həm xanımı yaxından tanımağımıza xidmət edər həm də müasir dövrümüz üçün o mübarizədən dərslər ala bilərik. Xanım Zəhranın(s.ə) mübarizəsi olduqca böyük bir hadisə idi.

 

Biz düşünməməliyik ki, Xanım Fatimeyi-Zəhraya(s.ə) olan münasibətimiz sırf hissi bir münasibətdir yəni övladın anaya olan əlaqəsi kimi atifi bir əlaqədir. Düzdür biz Xanım Zəhranı(s.ə) ana kimi qəbul edirik ancaq Xanımn(s.ə), onun tarixi rolunu və mübarizəsinin əhəmiyyətini anlasaq bu münasibət də daha da istiləşər. Biz bəzən elə təsəvvür edirik ki, Xanım Zəhranın(s.ə) tarixdə rolu bir o qədər ciddi olmayıb. Xanım Zəhranın(.əs) qiyamı bir o qədər əhəmiyyətli bir qiyam olmayıb. Bu cür fikirləşməyimizə neçə səbəb var. Birincisi, Xanım Zəhra(s.ə) Peyğəmbərdən(s) sonra az yaşayıb, ümumiyyətlə, qısa ömür sürüb. İkincisi də, Xanım Zəhra(s.ə) qadın olub və qadının o siyasi hadisələrdə rolunun olmadığını düşünürük.

 

Biz elə başa düşürük ki, mübarizə Hz.Əli(ə) ilə onun müxalifləri arasında gedib, Xanım Zəhra(s.ə) da etiraz edib, ağlayıb, sonra da şəhid olub. Sanki Xanım Zəhra(s.ə) sadəcə olaraq bir qadın hissini, atifəsini meydana qoyub, ağlayıb, narahat olub və bu qüssədən dünyasını dəyişib. Bu hadisəyə daha çox mənəvi tərəfdən yanaşırıq. Xanım Zəhranın(s.ə) müsibətlərinə ağlayırıq ancaq tarixi şəxsiyyətini dərk etmirik. BizXanım Zəhranı(s.ə) tarixin gedişatına təsir qoyan şəxsiyyət kimi qəbul etmirik. Həqiqətdə isə, necə ki, İmam Hüseyn(ə) mübarizəyə qalxmasaydı, özü dediyi kimi: “İslamın fatihəsi verilməliydi, İslamla vidalaşmalıydıq,” - Xanım Fatimeyi-Zəhranın(s.ə) da qiyamı İslam tarixində belə bir əhəmiyyətə malikdir. Əgər bu mübarizə olmasaydı İslam bir din kimi aradan getmişdi.

 

Xanım Zəhranın(s.ə) məqsədi o qədər böyük idi ki, o məqsəd yolunda öz şəxsiyyətini xərclədi. Xanım Zəhra(s.ə) da təsadüfi şəxsiyyət deyildi. Xanım Zəhranın(s.ə) şəxsiyyəti o qədər əzəmətlidir ki, Hz.Cəbrayıl(ə) onun evinə nazil olur, onu ziyarət edirdi. Necə Hz.Məryəmlə(s.ə) Allah danışırdı, o cür də Allah Xanım Zəhra(s.ə) ilə də danışırdı. Xanım Zəhra(s.ə) o qədər əzəmətli şəxsiyyət idi ki, Peyğəmbər(s) onun dünyaya gəlməsi üçün 40 gün Allahın əmriylə dünyadan uzaqlaşıb 40 gün ibadətlə məşğul oldu. Sonra Allah Cənnətdən meyvə göndərdi, Peyğəmbər(s) o meyvədən yedi və o gecə xanım Zəhranın(s.ə) nütfəsi bağlandı. Onun şəninə “Təthir” ayəsi,  “Kövsər” surəsi nazil olmuşdur. Hər zaman Hz.Fatimə(s.ə) otağa daxil olanda Peyğəmbər(s) ayağa qalxıb onu qarşılayırdı. Bu öz qızına hörmətə görə deyildi. Bu Xanım Zəhranın(s) əzəmətinə və Allah yanıında məqamına görə idi. Peyğəmbər(s) həm özü ona təzim edirdi  həm də dərs verirdi ki, görün Zəhra(s.ə) kimdir ki, ən üstün insan onun ayağına durur və ona ehtiram edir. Xanım Zəhranın(s.ə) tarixi rolu o qədər mühümdür ki, bu rolu ifa etmək üçünXanım Zəhra(s.ə) bu cür əzəməti xərclədi.

 

Şəxsiyyəti xərcləmək nə deməkdir? Bəzi insanlara Allah hörmət, ehtiram verir, əzəmət verir, deyir ki, həmin əzəmətdən din üçün istifadə etsin. Sənin şəxsiyyətinin cəmiyyətə təsiri olduğundan, elə bir söz denən insanlar sənin sözünlə haqqa hidayət olsun. Əzəmətli insanlar hər yerdə öz şəxsiyyıtini xərcləməzlər. Başqalarının deyə biləcəyi sözləri onlar deməzlər. Xanım Zəhranın(s.ə) məqsədi, məramı o qədər böyük idi ki, o bu məqsəd üçün bütün şəxsiyyətini xərclədi. Hz. Zəhranın(s.ə) mübarizəsi simvolik bir etiraz deyil, onun tarixi hadisələrin inkişafında çox ciddi rolu var idi. Xanım Fatimeyi-Zəhranın(s.ə) qəbri gizli olduğu kimi, məqamı da gizlidir. O gizlinliklərin bir-birilə əlaqəsi var. Hansı səbəbdən Xanım Zəhranın(s.ə) qəbri gizlin idisə, o səbəbdən də fəaliyyəti gizli idi. İnsanlar elə başa düşür ki, 4-5 adam gəldi Xanım Zəhra(s.ə) ilə pis davrandı, ona zülm etdi və Xanım(s.ə) bir neçə aydan sonra ağlayaraq dünyadan getdi. Qətiyyən belə olmayıb. Bu elə bir iş idi ki, o işi görmək üçün gərək Fatimeyi-Zəhra(s.ə) olasan. İş o qədər böyükdür ki, onu icra etmək üçün belə məqama sahib olan adam lazım idi. Bir çox hallarda bizim işlərimizin mənəviyyatımızla əlaqəsi var. Bəzi işlər o qədər böyükdür ki, gərək onları böyük mənəviyyatlı adamlar yerinə yetirsinlər. Xanım Zəhranın (s) missiyasının böyüklüyü bunda idi ki, bu işi Xanım Zəhra(s.ə) görməli idi.

Material Hacı Şahin Həsənlinin 2009-cu ildə Əyyami-Fatimiyyədə etdiyi xütbə əsasında hazırlanıb

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-179.html