14 Sentyabr, 2011
Bakı Şəhəri üzrə Təhsil İdarəsi: Hicablı şagirdlər dərsə buraxılmayacaqlar

Yeni dərs ilindən təhsil müəssisələrinə hicabla gedən şagirdlər dərsə buraxılmayacaq. Bu barədəBakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı bildirib.

Z.Əliqızının sözlərinə görə, bu dərs ilindən etibarən vahid məktəbli geyimi bütün siniflər üzrə tətbiq olunacaq. İstisna hal kimi oktyabrın 1-dək məktəbli geyimini əldə etməyənlərə güzəşt ediləcək. Həmin gündən sonra isə güzəşt olmayacaq: “Hər kəs Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müəyyənləşdirilən vahid məktəbli geyimində tədris prosesinə qatılmalıdır. Digər geyimlərdə məktəbə gələn şagirdlərin dərslərdə iştirakına icazə verilməyəcək”.

Z. Əliqızı deyib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi üçün bu mövzu artıq qapanıb: “Bu mövzunun yenidən gündəmə gəlməsini arzulamırıq, çünki mövqeyimiz dəyişməyəcək. Vahid məktəbli geyiminin forması hər kəsə, bütün ictimaiyyətə bəllidir. Xahiş və tələbimiz ondan ibarətdir ki, bütün şagirdlər tədris prosesinə müəyyənləşdirilmiş məktəbli geyimində qatılsınlar”.

apa.az

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-147.html