3 İyun, 2011
Elm qapılarını açan

“Allah üçün sevən, Allah üçün düşmən olan və Allah üçün ehsan edən kamil imanı olan adamdır”

Əhli-Beytin (ə) mübarək isminin həyatı bütün dövrlərdə müsəlmanlar üçün örnək olaraq qalacaq. Əməvilər sülaləsinin qəddar hökmdarları ilə bir dövrdə yaşamış İmam Baqir (ə), təzyiqlərə və təqiblərə baxmayaraq, İslam elminin dirçəlməsi istiqamətində böyük səylər göstərib. Təsadüfi deyil ki, İslam elminin güclənməsi dönəmi onun adı ilə bağlanır, imam özü isə müasirləri tərəfindən «Baqirul ulum», yəni elm qapılarını açan ləqəbilə tanınırdı. Həm sünni, həm də şiə mənbələrində 5-ci imamdan (ə) söylənilən çoxlu sayda hədislər qalıb.

Uşaqlıq və gənclik  dönəmi

Baqir ləqəbilə tanınan 5-ci İmam Muhəmməd ibn Əli  Zeynülabidin (ə) hicri təqvimilə 57-ci ildə Mədinə şəhərində dünyaya gəlib. Atası 4-cü İmam Zeynülabidin, anası isə İmam Həsənin (ə) qızı Ümmü Abdullah olub. İmam Baqir həm ata, həm də ana tərəfindən Həzrət Əli (ə) və Həzrət Fatimənin (ə) nəslindəndir. İmam Baqirin həyatının ilk dörd ilə yaxını babası İmam Hüseynlə (ə) bir dövrdə keçib. Tarixdən bəlli olduğu kimi, Aşura inqilabından sonrakı dövr İslamın və Əhli-Beytin (ə) ən çətin məqamları sayılır. Dövrün zalım hakimlərinin davamlı təzyiqləri, sui-qəsdlər daha da artır. Eyni zamanda, əməvilər arasında da ziddiyyətlər daha da dərinləşir və saray qovğaları genişlənir. Belə bir ziddiyyətli və çətin dövrdə yaşamış İmam Baqir (ə) İslam elminin yaşayıb güclənməsi üçün böyük işlər görür və demək olar, sonradan böyük bir silsiləyə çevriləcək İslam elmi məktəbinin əsasını qoyur. Zürarə ibn Əyun, Məhəmməd ibn Müslim, Əbu Bəsir, Bureyd ibn Müaviyə Əcli, Cabir ibn Yezid, Həmran ibn Əyun, Hişam ibn Salim kimi İslam elminin böyük nümayəndələri İmam Baqirin (ə) yetirmələri olub.

Peyğəmbər (ə) dövründən İmam Baqirin (ə) zamanına qədər yaşamış məşhur səhabələrdən olan Cabir ibn Abdullah Ənsari rəvayət edir ki, bir gün Peyğəmbər (s) ona buyurub: «Məndən sonra nəslimdən olan, adı və görünüşcə mənə oxşayan bir şəxs görəcəksən. O, elm qapılarını xalqın üzünə açacaq. Mənim salamımı ona yetirərsən». Həmin hadisədən çox illər keçəndən sonra Cabir ibn Abdullah Mədinə küçələrində İmam Baqiri (ə) görür. İmamı tanıyandan sonra Cabirin yadına Peyğəmbərin (s) hədisi düşür. Bu hadisədən sonra səhabə Cabir hər gün İmam Məhəmməd Baqirin (ə) ziyarətinə gedər və Peyğəmbərdən (s) eşitdiyi hadisəni danışarmış.

Əməvi xanədanının nisbətən ədalətli nümayəndəsi Ömər ibn Əbdüləzizin hakimiyyəti İmam Baqirin (ə) dövrünə təsadüf edir. Məhz bu şəxs xəlifə Ömər tərəfindən hədis yazılmasına qoyulan qadağanı ləğv etdirir, Müaviyə tərəfindən tətbiq olunan və sonrakı dövrlərdə davam etdirilən Həzrət Əliyə (ə) lənət oxunması kimi alçaqcasına hərəkətə son qoyur və nəhayət İslam Peyğəmbərinin (s) Həzrət Fatimə (ə) və onun övladlarına hədiyyə etdiyi və ötən dövrdə xəlifələr tərəfindən qəsb olunan Fədək bağlarını həqiqi sahibinə – İmam Baqirə (ə) qaytarır. Amma bu dövr çox davam etmir. İslahatçı xəlifə əməvilər tərəfindən öldürüldükdən sonra onun yerinə keçən Yezid ibn Əbdülməlik bağı həqiqi sahiblərindən alır.

Alim, abid, əkinçi  və imam

İmam Məhəmməd Baqir (ə) nümunəvi, sələq-səhmanlı zahiri görünüşü ilə seçilib. 5-ci İmam həmişə təzə və səliqəli paltarlar geyər, ətir vurarmış. Müasirləri onun həmişə sakit danışdığını, güləndə səsini ucaltmadığını və hətta ağlayanda bərkdən ağlamadığını qeyd edirlər. Bütün digər Əhli- Beyt (ə) imamları kimi, Həzrət İmam Baqir (ə) də heç zaman əsəbiləşdiyini büruzə verməz, ətrafındakılarla mehriban davranarmış. İmam Baqir buyurub: «Mehribanlıq ürəkləri bir-birinə yaxınlaşdırar, düşmənçilikləri aradan götürər».

Böyük İslam alimi Şeyx Müfid 5-ci İmam haqda yazırdı: «O həzrət bütün elm və mərifətlərə bələd idi. Bütün ömrünü Allaha itaətlə başa vurmuşdu. Təqva və pəhrizkarlığında möhkəm və sarsılmaz idi. Əhd-peymanına sadiq idi. Ürəyinin saflığı, ruhunun paklığı və insani rəftarları hamını heyran qoymuşdu. O, insanlara İslam əxlaqını təlim edərək onları məhz bu əxlaqla tərbiyələndirirdi». Sünni alimi ibn Hacər İmam Baqir haqda yazır: «İmam Muhəmməd Baqir (ə) pak qəlbə malik şəxsiyyət idi. Sözü ilə əməli bir idi. O, böyük arif və misilsiz abid idi, onun insani ziynətlərini vəsf etməkdə acizəm».

Qeyd etmək lazımdır ki, bu böyük şəxsiyyət sadə həyat sürüb, əkinçiliklə məşğul olub, tarlada çalışıb və əkinçilərlə birlikdə yemək yeyərmiş. İmam Baqir öz dövründə Hicazın ən səxavətli şəxsiyyətlərindən sayılıb, çoxlu sayda imkansız insanlar zəhmətinin bəhrəsindən qidalanıblar.

«Allah-Təala hər bir elm və mərifəti tam  şəkildə bizə əta  etmişdir»

Digər İmamlar kimi, İmam Muhəmməd Baqirin (ə) fəaliyyəti dövrün hakimlərini narahat edirdi. Xəlifə Hişam ibn Əbdülməlik 5-ci İmamı Şama gətizdirir. İmamı bu səfərdə oğlu, 6-cı imam Cəfər Sadiq (ə) müşayiət edir. Tarixi mənbələrdə verilən məlumatlarda göstərilir ki, digər xəlifələr kimi, Hişam da müqəddəs şəxsiyyətləri aşağılamağa çalışıb. Amma onun səylərinə baxmayaraq, Şamda Əli (ə) övladlarını nəinki aşağılamaq mümkün olmur, əksinə bir daha Əhli-Beytin böyüklüyü təsdiqlənir. İmam Muhəmməd Baqiri elm vasitəsilə aşağılamağın qeyri-mümkün olduğunu bilən xəlifə imam saraya gələn gün oxatma yarışı təşkil edir və saraya gələn, artıq kifayət qədər yaşlanmış İmam Muhəmməd Baqiri (ə) ox atmağa məcbur edir. 6-cı İmam Cəfər Sadiq buyurur ki, atası əvvəlcə ox atmaqdan imtina etsə də, xəlifə üz göstərərək yaşlı imamı ox atmağa sövq edir: «Amma Hişam and içdi ki, əl çəkməyəcək. Atam çarəsiz qalıb yayı götürüb nişan alaraq atdı. İlk ox hədəfə dəydi, ardınca atdığı oxlar hər dəfə həmin oxu parçalayaraq hədəfin ortasına sancılırdı. Doqquzuncu ox atıldıqdan sonra Hişam dedi: «Bəsdir, ey əbu Cəfər, Sən ox atmaqda hamıdan mahirsən». Daha sonra vəziyyətdən çıxmaq üçün pərtliklə «Qüreyş qəbiləsi ərəblər və əcəmlərdən üstündür, çünki sənin kimi şəxsə sahibdirlər» söylədi və atamdan bu cür ox atmağı necə öyrəndiyini soruşdu. Atam cavab verdi: «Allah-Təala hər bir elm və mərifəti tam şəkildə bizə əta etmişdir». Hişam qəzəblə başını aşağı salaraq deyir: “Məgər bizlər və sizlər Əbd Mənaf (İslam Peyğəmbərinin (s) ulu babası) nəslindən deyilik? Məgər Peyğəmbər (s) Əbd Mənaf nəslindən deyildi ki, Allah onu insanlara imam və rəhbər təyin etdi? Siz bu biliyi haradan irs aparmısınız?” Atam cavabında buyurdu: «Biz vəhy ailəsiyik və Allah bizə başqa adamlara bəxş etmədiyi xüsusiyyətləri verib. Necə ki, Peyğəmbər (s) kürəkəni Əliyə (ə) başqalarına demədiyi sirləri deyirdi. Əli (ə) özü də belə idi. O Həzrət bir gün Kufədə buyurdu: «Allahın Peyğəmbəri (s) elmin min qapısını mənim üzümə açmışdı ki, hər bir qapıdan min təzə qapı açılır. Ey Hişam, təkcə biz o elmlərdən irs aparmışıq, başqaları yox». Hişam bir söz demədi və əmr etdi ki, bizi ehtiramla Mədinəyə yola salsınlar».

İmam Baqir (ə)  hədislərində

Yuxarıda İmam Baqirin (ə) İslam elminin inkişafında böyük xidmətlərinin olduğunu qeyd etmişdik. Onu da xatırlatmaq yerinə düşər ki, 5-ci İmamın dövrü İslam elminin yüksəliş illəri sayılır. Böyük İslam alimləri, filosoflar, fəqihlər, tarixçilər və digər sahələr üzrə tanınmış müsəlman alimlərin bir çoxunun ilk ustadı Həzrət Muhəmməd Baqir (ə) olmuşdur. İlk İslam məktəbləri məhz onun dövründə yaranmağa başladı. Onun dönəmində Peyğəmbərdən (s) hədis söyləmək və yazmağa qoyulan qadağanın götürülməsi hədis elminin inkişafına səbəb oldu. İlk mötəbər hədis külliyyatları yazılmağa başladı. İmam Baqir (ə) özü çoxlu sayda hədislər söyləyibdir ki, həmin hədislər İslam mənbələrində mötəbər sənədli hədislər kimi qəbul olunur.

Həzrət İmam Baqir (ə) buyurur: Hər kim zalım hökmdarın üstünə gedib, ona Allahdan qorxmağı əmr edib, nəsihət etsə, bütün insan və cinlərin savabını aparar.

İmamdan rəvayət edilir ki, Allah-Təala Şüeyb peyğəmbərə (ə) vəhy etdi ki, sənin qövmündən olan yüz min nəfərə əzab göndərəcəm. Onlardan 40 mini pis insanlar, 60 mini yaxşı insanlardır. Şüeyb peyğəmbər (ə) : «Ya Rəbb, pisləri cəzalandırırsan, bəs yaxşıların günahı nədir?» deyə soruşduqda Allahdan vəhy gəlir: «Onlar pislərlə yaxşı rəftar edib, Mənim qəzəbləndiyim yerdə qəzəblənmədilər». 

«Təvazökarlıq odur ki, insan layiq olduğu yerdən aşağıda əyləşməyə razı olsun, görüşdüyü adama (birinci) salam versin, mübahisə etməsin və söz güləşdirməsin (hərçənd haqlı olsa da belə)».

 «İnsanlar yardım üçün əl açmağın (dilənçilik etməyin) necə pis iş olduğunu bilsəydilər, heç vaxt heç kəsdən bir şey istəməzdilər və əgər yardım istənilən şəxs dilənçini əliboş qaytarmağın necə pis bir iş olduğunu bilsəydi, heç vaxt əliboş qaytarmazdı».

Həzrət İmam Baqirdən (ə) söylənilən bu cür ibrətamiz kəlamlar, səhih hədislərin sayı yüzlərlədir. İmam Baqirin (ə) maarifçi elmi fəaliyyəti əməvi xanədanının başçılarını narahat edirdi. Buna görə onun fiziki cəhətdən yox edilməsinə çalışırdılar. Hicri-qəməri təqvimilə 114-cü ildə xəlifə Hişamın göstərişi ilə Əhli-Beytin bu görkəmli nümayəndəsi zəhərləndirilir. Şəhid edilərkən İmam Baqirin (ə) 59 yaşı vardı. İmam Mədinədə, Bəqi qəbiristanlığında, İmam Həsənin (ə) və atası İmam Zeynülabidinin (ə) qəbirləri yanında dəfn edildi. Bu böyük şəxsiyyətdən sonra söylədiyi çoxlu sayda hədislər, qiymətli fikirlər və dəyərli tələbələri qaldı. Heç şübhəsiz ki, Onun ən böyük şagirdi İslam elminin günəşi, hüquq elminin banisi - oğlu İmam Cəfər Sadiq (ə) idi. Elm və İmamət silsiləsi Həzrət İmam Baqirin (ə) oğlu tərəfindən davam etdirildi.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-134.html