10 Mart, 2010
Ayətullah Şeyx Fazil Qafqazi Lənkərani(r)


Qafqazi ləqəbilə məşhur olan Ayətullah Şeyx Fazil Lənkərani, Ayətullahül-Üzma Şeyx Məhəmməd Fazil Lənkəraninin atasıdır. O, yüksək dərəcəli fəqih və dəyərli İslam alimlərindən biri kimi öz əsrində mərceyi-təqlidlər tərəfindən ən elmli hesab olunan şəxsiyyətlərdən biridir. O, 1892-çi ildə (1209 hicri qəməri) Lənkəranın "Ərkivan" kəndində pak və nəcib bir ailədə dünyaya göz açmışdırıb. Atası Hacı Bəşir təqvalı və dindar bir tacir, öz ad-san, hörmət və əqidəsinə görə el arasında özünə məxsus şəxsiyyətə malik olub. O, zaman Ərkivan kəndinin çox da böyük olmamasına baxmayaraq bu kənd geniş inkişaf etdiyinə görə, çoxlu alim və müctehidlər yetişdirmiş və cəmiyyətə təqdim etmişdir. Onlarda yüksək dərəcəli alim kimi Şeyx Mustafa Lənkərani, Hacı Axund, Şeyx Bəşir Lənkərani, Şeyx Əbdürrəhim Badkubəyi, Molla Ağa Şeyxül-İslam və başqalarının adlarını qeyd etmək olar. Onlardan bəziləri Nəcəfi-Əşrəfdə dərs alıblar.

Fazil Lənkərani (Qafqazi) cavanlığının əvvəllərində İslam elmlərinə geniş əlaqəsi olduğu üçün ərəb ədəbiyyatının müqəddimat dərslərini öz kəndində "Siqətul-islam" Məhəmmədquludan dərs almağa başlayır. İyirmi iki yaşında (1231-ci hicri ili) İranın Ərdəbil şəhərinə hicrət edir və müqəddimat dərslərinin davamını orada Ağa Seyyid Məhmud Ərdəbilidən alır. Bundan sonra Zəncan elmi hövzəsinə gedir və üç il orada qalaraq Axund Molla Məhəmməd Təqi Müdərris və Saleh Mirzə Nəqi kimi məşhur ustadlardan dərs almaqla öz təhsilini davam etdirir. Bundan sonra Qafqaza öz vətəninə qayıdır və şəri vəzifəsini yerinə yetirməyə başlayır. Amma bu dövrdə bolşeviklərin hakimiyyətə gəlməsi nəticəsində Azərbaycanın müstəqilliyi əlindən alınmışdı. Bolşeviklər Qafqaza ayaq açmışdı. Müsəlmanlara əzab-əziyyət verdiklərinə və ruhaniləri gülləbaran etdiklərinə görə, alim Qafqazda qala bilməyib bir daha İrana qayıdır. Əvvəlcə müqəddəs Məşhəd şəhərinə gedir və orada Məşhur alimlər Ayati-İzam Mirzə Məhəmməd Aqazadə (Mərhum Axund Xorasaninin oqlu), Ağa Hüseyn Borsi, Hacı Ağa Hüseyn Təbatəbai Qumi kimi ustadlardan ali səviyyədə "fiqh xaric" dərslərini alır. "Hikmət" və "Fəlsəfə" dərslərini isə Ağa Şeyx Əsədullah Yəzdi və Ağa Şeyx Həsən Kaşanidən öyrənir. Fazil Lənkərani təxminən 1930-çu illərdə (1342-hicri qəməri) öz təhsilini təkmilləşdirmək məqsədilə Qum şəhərinə gəlir. O zamanlar Qum elmiyyə ocağı Ayətullah Şeyx Əbdül Kərim Hairinin vasitəsi ilə yenicə fəaliyyətə başlamışdı. Məhz bundan sonra hər tərəfdən məşhur alimlər Əhli-Beyt(ə) ocağı Fatimeyi-Məsumənin (s.ə) başına yığışaraq bu şəhəri İslam məktəbinə çevirirlər. Fazil Qafqazi də bu şəhərdə qalmağı qərara alır və üsul və fiqh dərslərini ali səviyyədə Ayətullah Hairi Yəzdidən əxz edir. Bu vaxtlarda Şeyx oxuduğu dərsləri İmam Xomeyni(r.ə) ilə mübahisə edirdi. Qum şəhərində Ələvi seyyidlərindən olan Musa Mübrəqənin (Qumda dəfn olunub) nəslindən pak və nəcabətli qadınla ailə qurur və çoxlu övlad sahibi olur.

Bu övladlardan ən çox tanınmışı Ayətullahül-Üzma Şeyx Məhəmməd Fazil Lənkəranidir. Qafqazi Qum şəhərində Ayətullah Hairi Yəzdinin seçilmiş və çalışqan tələbələrindən biri idi. Ustadın tədris etdiyi dərslərin çoxunu toplayıb kitab şəklinə salmışdır. O cümlədən «Kitabi səlat"a, «Üsul"a dəqiq haşiyələr yazmışdır. Çox keçmədən alim ictihad dərəcəsinə yetişir və bu yolda o qədər çalışır ki, Lənkəranda və Azərbaycanın digər şəhərlərində mərceyi-təqlidə çevrilir. Ayətullah Şeyx Məhəmməd Fazil Lənkərani öz atasının barəsində belə buyurur: "Atam yaşadığı dövrdə dövlət tərəfindən ruhanilərin libasını çıxarılması məsələsi qarşıya qoyulmuşdu. Şah məmurları çox çətinliklər yaradır və ruhanilərə əziyyət verirdilər. Qumda hər gün sübh, şahın məmurları "Feyziyyə" mədrəsəsinə gəlib ruhani libası geymiş tələbələri özlərilə naməlum yerə aparırdılar. Buna görə də sübh gün çıxmamışdan əvvəl tələbələr mədrəsədən çıxıb Qumun yaxın kəndlərinə pənah aparır, hava qaraldıqdan sonra mədrəsəyə qayıdırdışar. Əgər bir nəfər mədrəsədə qalsaydı, gərək elə hərəkət edəydi ki, guya burada heç kəs yoxdur. Atam deyərdi: İmam Xomeyni(r.ə) başda olmaqla dostlarımızla iclas təşkil etmişdik. Bu iclasın aktual məsələsi bu idi ki, əgər iş o yerə çatsa ki, şahın məmurları bizim ruhani libaslarımızı çıxartsalar bizim vəzifəmiz nədir? Axırda belə qərara gəldik ki, əgər bizim ruhani libaslarımızı əlimizdən alsalar da, biz hər hansı yolla olursa-olsun, əsas vəzifəmiz olan "xalqa yol göstərmək" və "xalqı düz yola dəvət etmək" borcumuzu yerinə yetirək.

Mərhum Ayətullah Lənkərani Ayətullah Burucerdinin Qum şəhərinə gətirilməsində və ona tam səlahiyyətli mərcəiyyət verilməsində çox fəaliyyət etmiş və bu məsələnin həll olunmasında sabitqədəm olmuşdur. O həzrət Quma gəldikdən və mərcəiyyət məqamını aldıqdan sonra onunla sıx əlaqədə olan ən yaxın şəxslərdən biri Ayətullah Fazil Qafqazi Lənkərani idi. Çox vaxt o, Ayətullah Lənkəranini ehtiram və etimadla başqalarına tanıtdırırdı. Bu barədə Ayətullah Şeyx Məhəmməd Fazil Lənkərani buyurur: "Atam deyərdi: Mənim "Cəmkəran" məsçidinə çox əlaqəm var idi. Bu məscidə inamım çox idi. Bir gün hələ Ayətullah Burucerdi Quma gəlməmişdən əvvəl yuxuda gördüm ki, Mərhum Şeyx Tusi "Cəmkəran" məscidinin həyətinda minbərdə oturub dərs deyir. Bir çox tələbə onun dərsində əyləşib diqqətlə qulaq asırlar. Ayılandan sonra yuxumu belə yozdum ki, böyük şəxsiyyətlərdən kimsə Qum Şəhərinə gələcək. Bütün tələbələr onun ətrafına yığılacaq və Qum elmiyyə şəhəri öz parlaq həyatını başlayacaqdır. Çox çəkmədi ki, Ayətullah Burucerdi Quma gəldi və Şeyx Tusinin kitablarından və elmi əlyazmalarından elmiyyə hövzəsində geniş səviyyədə tədris edərək hörmət qazandı. Başqa bir tərəfdən o İmam Zamanın(ə.f) etimadını və razılığını qazanaraq İmamın(ə.f) özü ilə "Cəmkəran" məscidində görüşmək səadətinə nail oldu.

Ayətullah Lənkərani (Qafqazi) Ayətullah Burucerdinin sual soruşduğu dostları sırasında idi. Onun Ayətullah Lənkəraniyə o qədər etimad və inamı var idi ki, mədrəsələrin çətinlikləri və başqa tərbiyəvi məsələlərdə onunla məsləhətləşərdi. Buna görə də Ayətullah Lənkərani tələbələrin çətinliklərinin və istəklərinin yerinə yetirilməsində Ayətullah Burucerdi üçün etibarlı bir vasitə idi. Elə bu səbəbə görə Ayətullah Lənkərani var qüvvəsi ilə tələbələrin çətinliklərinin həll olunması üçün ciddi çalışırdı və bu işdə heç nəyi əsirgəmirdi. Ayətullah Şeyx Məhəmməd Fazil Lənkərani buyurur: "Mərhum atam nəql edirdi ki, o zaman bir nəfər "Bəhai" Yəzd şəhərində bir nəfər müsəlmanın əli ilə öldürüldüyü üçün şah rejiminin hakimi o müsəlmana edam hökmü kəsmişdi. Bəhailər bu hadisədə çalışırdılar ki, bu müsəlman şəxsin dara asılması Şəban ayının 15-də(İmam Zamanın(ə.f) doqulduğu gün) olsun. Bununla da şiələrə böyük mənəvi zərbə vurmuş olsunlar. Şəban ayının dördündə bu xəbər Ayətullah Burucerdiyə çatır.

Atam buyurur: Ayətullan Burucerdinin mənzilinə daxil olub gördüm ki, o həzrət həyətdə get-gəl edir və çox narahatdır. Bu narahatçılığın səbəbini soruşdum, "Məgər bilmirsən islamın paklığı xətərdədir?" deyərək, cavab verdi. Sonra isə əhvalatı mənə danışdı. Ərz elədim: Bir yol var. Buyurdu: Nə yoldur? Dedim: Sənin yanında işləyən Hacı Əhmədi elə indi Tehrana şahın yanına göndər. Ondan istəsin ki, o müsəlmanın edam tarixini başqa günə keçirsin. Bu sözləri deyəndən sonra o rahatlaşdı və buyurdu: Yaxşı təklifdir. Dərhal Hacı Əhmədi Tehrana göndərdi və şah da onun sözünü qəbul edib edamın vaxtını dəyişdirdi. Bundan sonra Ayətullah Burucerdi müxtəlif vasitələrlə bu işə qarışdı və şahın məhkəməsində edam hökmünü ləğv etdirdi.

Mərhum Ayətullai Fazil Qafqazidən az əsərlər yadigar qalmışdır. Bunun da əsas səbəbi həmişə müxtəlif ali və orta səviyyələrdə dərs etməsi və ictimai məsələlərlə çox məşğul olmasıdır. Bununla belə onun əsərlərindən "Nətaicül-əfkar", "Ayətullah Burucerdinin dərslərinin Təqriratı", " Səlat və üsulun haşiyəsi" kitablarını qeyd etmək olar.

Dəyərli alim 1972-çi ildə dünyasını dəyişmiş və Qumda Hacı Şeyx Əbdülkərim qəbiristanlığında torpağa tapşırılmışdır.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-133.html