24 Noyabr, 2022
“Dağlıq Qarabağ münaqişəsi: Tarixi və siyasi perspektivlər” adlı kitabın təqdimatı olub

ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə tərəfdaşlığı ilə ABŞ-ın Yuta Universitetinin professoru Hakan Yavuzun müəllifi olduğu “Dağlıq Qarabağ münaqişəsi: Tarixi və siyasi perspektivlər” adlı kitabın təqdimatı olub.

Ahlibeyt.az AZƏRTAC-a istinadən xəbər verir ki, təqdimatda çıxış edən ADA Universitetinin prorektoru Fariz İsmayılzadə Hakan Yavuzun Yuta Universitetinin siyasət elmləri üzrə dərs dediyini, onun regional münaqişələr, separatizm, etnik məsələlər və digər mövzularda bir çox nəşrləri olduğunu xatırladıb. “Biz sevinirik ki, Hakan Yavuz diqqəti keçmiş Qarabağ münaqişəsinə çəkib və bu barədə kitab hazırlayıb. “Dağlıq Qarabağ münaqişəsi: Tarixi və siyasi perspektivlər” kitabı Hakan Yavuz və professor Maykl Günterin redaktəsi ilə çap olunub. Bu kitabda bir çox yerli və xarici tanınmış şəxslərin münaqişəyə diqqət çəkən araşdırmaları yer alıb”, - deyə F.İsmayılzadə vurğulayıb.

Yuta Universitetinin professoru, politoloq Hakan Yavuz təhsilinin əsas hissəsinin Qarabağ olduğunu bildirib, erməni siyasi təfəkkürünün tənqidi arqumentlərindən bəhs edib. Onun sözlərinə görə, indiyədək ermənilərin bütün iddiaları əsassızdır və miflər üzərindədir. “Bu kitab keçmiş Qarabağ münaqişəsi barədə erməni miflərini ifşa edir. Bu miflərdən ən əsası Qarabağ regionunda hər zaman erməni əhalinin üstünlük təşkil etməsi ilə bağlıdır. Digər miflərdən birinə görə isə Qarabağ Azərbaycana Stalin tərəfindən verilib”, - deyə professor qeyd edib.

Həmçinin vurğulanıb ki, nəşrin əsas hissəsi İkinci Qarabağ müharibəsinə həsr olunub. Kitab səbəbləri, nəticələri, hərbi strategiya və diplomatik əlaqələri əhatə edir.

Sonda kitab barədə tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, kitabda Azərbaycanın Qarabağ regionu ilə bağlı münaqişənin hərtərəfli icmalı təqdim olunub. Mübahisənin tarixi inkişafı təsvir edilib, siyasi və sosial cəhətləri, ərazi uğrunda gedən müharibələr, Azərbaycanın mühüm Qələbəsi ilə nəticələnən 2020-ci il müharibəsi araşdırılıb və beynəlxalq aspektlər müzakirə edilib.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-12157.html