
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısında və MDB Dövlət Başçılarının iclasında iştirak etmək üçün oktyabrın 12-də Qazaxıstan Respublikasına işgüzar səfərə edib.
Ahlibeyt.az Prezidentin mətbuat xidmətinə istinadən xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Nursultan Nazarbayev adına Beynəlxalq Hava Limanında dövlətimizin başçısını Qazaxıstanın Baş naziri Əlixan Smailov və digər rəsmi şəxslər tərəfindən qarşılanıb.
Astanada işgüzar səfər çərçivəsində oktyabrın 12-də Azərbaycan Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şəriflə görüşü olub.
Prezident İlham Əliyev Səmərqənddəki görüşdən bir ay sonra Astanada keçirilən bu görüşün ölkələrimiz arasında əlaqələrin dinamikliyini bir daha göstərdiyini bildirib.
Dövlətimizin başçısı ilə Səmərqənddəki görüşünü məmnunluqla xatırlayan Baş nazir Şahbaz Şərif Prezident İlham Əliyevi Pakistana səfərə dəvət edilib.
Azərbaycan Prezidenti Pakistana səfər etmək niyyətində olduğunu bildirdi və öz növbəsində Baş nazir Şahbaz Şərifi ölkəmizə səfərə dəvət edib.
Pakistanın Baş naziri Azərbaycana məmnuniyyətlə səfər etmək niyyətində olduğunu bildirib.
Şahbaz Şərif Pakistan xalqına göstərdiyi yardıma görə dövlətimizin başçısına təşəkkürünü ifadə etdi və ölkəsinin baş vermiş selin nəticələrindən hələ də əziyyət çəkdiyini qeyd edib.
Baş nazir Şahbaz Şərif keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar Pakistanın hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini davamlı şəkildə dəstəklədiyini nəzərə çatdırıb.
Dövlətimizin başçısı Pakistanın mövqeyinə görə təşəkkürünü bildirdi, Azərbaycanın da Cəmmu və Kəşmir məsələsində Pakistanın haqlı mövqeyini daim dəstəklədiyini vurğulayıb.
Baş nazir Şahbaz Şərif Azərbaycanın bu ədalətli mövqeyinə görə minnətdarlığını ifadə edib.
Dövlətimizin başçısı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üzrə ölkəmizin təkliflərini diqqətə çatdırdı. Prezident İlham Əliyev qeyd etdi ki, əgər Ermənistan tərəfindən siyasi iradə nümayiş olunarsa, tezliklə sülh müqaviləsi imzalana bilər.
Görüş əsnasında Azərbaycan-Pakistan-Türkiyə üçtərəfli əməkdaşlığının önəmi vurğulandı. Bu çərçivədə əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyəti qeyd olundu.
Eyni zamanda, ölkələrimiz arasında hərbi-texniki, ticarət, enerji, kənd təsərrüfatı, nəqliyyat-logistika sahələrində əməkdaşlığın dərinləşdirilməsi məsələlərinə toxunuldu və bu istiqamətdə müzakirələr aparıldı.