17 Avqust, 2022
Dövlət Komitəsi: Laçın şəhərinə qayıdışa hazırlıq görülür VİDEO

Laçın şəhərindən otuz il əvvəl məcburi köçkün düşən və respublikamızın müxtəlif yerlərində müvəqqəti məskunlaşan həmvətənlərimizin doğma yurda qayıdışa hazırlanması barədə Prezident İlham Əliyevin verdiyi tapşırığın icrasına başlanıb.

Ahlibeyt.az-ın RealTv-yə istinadən məlumatına görə, bu məqsədlə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində onların bir qrupu ilə görüş keçirilib.

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olanların xatirəsi ehtiramla yad edilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun erməni faşizmi üzərində qələbəsi nəticəsində düşmənin bir güllə atmadan tərk etdiyi Laçın şəhərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının, üçtərəfli Bəyanatın şərtlərinə uyğun olaraq, dilokasiyanın dəyişdirilməsi, qanunsuz məskunlaşdırılmış ermənilərin bu ərazidən çıxarılması dövlətimizin gücünün, qüdrətinin növbəti nümayişi kimi dəyərləndirilib. Qanunsuz məskunlaşdıqları yerlərdən çıxarkən ermənilərin evləri və meşə sahələrini yandıraraq, yenidən vandalizm törətməsi qətiyyətlə pislənilib.

Laçınlılar məcburi köçkünlük dövründə onlara hərtərəfli dövlət qayğısı göstərildiyini bildirərək, həm buna görə, həm də ata-baba torpaqlarına qayıtmaq arzularını gerçəkləşdirdiyi üçün Prezident İlham Əliyevə minnətdarlıq bildiriblər. Birinci vitse-prezident Mehriban Əliyevanın köçkünlüklə bağlı problemlərin həlli ilə bağlı gördüyü işlər dərin razılıq hissi ilə qeyd edilib.

Dövlət Komitəsinin Böyük Qayıdışa hazırlıq məqsədilə həyata keçirdiyi tədbirlər barəsində görüş iştirakçılarına ətraflı məlumat verilib. Bir daha diqqətə çatdırılıb ki, məcburi köçkünlüyü başa çatan vətəndaşların könüllü, təhlükəsiz şəraitdə və ləyaqətlə doğma yurda qayıdışını təmin etmək üçün dövlətimizin başçısının tapşırığı ilə bütün lazımi tədbirlər həyata keçirilir.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-11732.html