16 Avqust, 2022
BMT-nin azərbaycanlı rəsmisindən Əfqanıstanla bağlı xəbərdarlıq

“Taliban” hakimiyyətə qayıtdıqdan sonra təhsil, iş və yaşayış azadlığı əlindən alınan qadınlar getdikcə cəmiyyətdən daha çox kənarda qalırlar.

Ahlibeyt.az-ın məlumatına görə, “Report”un ABŞ bürosu xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında BMT-nin azərbaycanlı rəsmisi, təşkilatın Əfqanıstandakı humanitar məsələlər üzrə əlaqələndiricisi Ramiz Ələkbərov deyib.

R.Ələkbərov bildirib ki, ölkə əhalisinin yarıdan çoxu - 35 milyon insan yoxsulluq həddində yaşayır: "Təxminən 23 milyon insan qida çatışmazlığından əziyyət çəkir ki, onların da 2 milyondan çoxu uşaqlardır. Biz əhalinin gələcəyindən ciddi narahatıq. “Taliban” hakimiyyətə qayıtdıqdan sonra təhsil, iş və yaşayış azadlığı əlindən alınan qadınlar getdikcə cəmiyyətdən daha çox kənarda qalırlar. Belə mənfi hallarla mübarizə mexanizmlərinin genişlənməsi və Əfqanıstana yardım fəaliyyətlərinin artırılması zəruridir”.

R.Ələkbərov vurğulayıb ki, ölkədə xəstəliklər sürətlə artıb: “Əfqanıstanda yoluxucu xəstəliklər təkcə insanlar arasında deyil, heyvanlar arasında da sürətlə yayılır. Eyni zamanda, Əfqanıstan iqlim dəyişikliyindən əziyyət çəkir. Təbii fəlakətlər, quraqlıq, zəlzələlər yüzlərlə insanın həyatına son verməkdə davam edir.

Biz əfqan xalqının gələcəyinə arxa çevirə bilmərik. Bir il ərzində BMT Əfqanıstanda 12,9 milyon insana humanitar yardım göstərib. Təşkilatın bölgədə olması əfqan xalqının ən böyük dayağıdır.

Keçən ilə dönüb baxanda BMT-nin bölgədəki missiyasının əfqan xalqına verdiyi dəstəklər və səyləri üçün qürur duyuram. Biz bölgədə fəaliyyətimizi bundan sonra da, davam etdirəcəyik. Səhiyyə, qida, təcili sığınacaq və qeyri-ərzaq malları kimi yardımlarımızı davam etdirmək üçün daha çox resursa ehtiyacımız var”.

Qeyd edək ki, "Taliban” hərəkatının Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən bir il ötür. Ölkədə aclıqdan tutmuş xroniki yoxsulluğa, həddi-büluğa çatmayanların məcburi evliliyinə, insan orqanlarının və uşaqların satışına qədər gedib çıxan əzabların miqyası gündən-günə artır.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-11721.html