12 Avqust, 2022
ICESCO-nun Baş direktorunun Beynəlxalq Gənclər Günü münasibətilə müraciəti yayılıb

Avqustun 12-si dünyada Beynəlxalq Gənclər Günü kimi qeyd olunur. 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilən beynəlxalq konfransda hər il avqustun 12-nin dünyada Gənclər Günü kimi qeyd olunması qərara alınıb. Bu əlamətdar gün gənclərə lazımi diqqət göstərmək, onların nailiyyətlərini təbliğ etmək, cəmiyyətin bütün sahələrində gənclərin iştirakına təkan vermək məqsədilə keçirilir.

İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd Əl-Malikin Beynəlxalq Gənclər Günü münasibətilə müraciəti yayılıb.

Ahlibeyt.az-ın xəbərinə görə, Təşkilatın baş ofisindən AZƏRTAC-a bildiriblər ki, dünya gənclərini bu əlamətdar gün münasibətilə təbrik edən Baş direktor planetimizin xoşbəxt gələcəyinin məhz onların həmrəyliyindən asılı olduğunu deyib. O əlavə edib ki, ICESCO üzv ölkələrdə gənclərin təhsili, elmin və müasir texnologiyanın ən son nailiyyətlərini mənimsəməsi, qlobal taleyüklü məsələlərdə birlik nümayiş etdirməsi istiqamətində layihə və proqramlar həyata keçirir. Belə ki, təşkilat tərəfindən gənc nəslin cəmiyyətdə rolunun artırılması, onların liderliyi üzrə 7 proqramın reallaşdırılması davam edir. Eyni zamanda, gənclər yaşlı nəslin təcrübəsindən də faydalanmalı, onların başladığı nəcib təşəbbüsləri davam etdirməlidirlər. Nəsillər arasında əlaqəni möhkəmləndirmək məqsədilə müxtəlif tədbirlər təşkil olunur.

Salim Əl-Malik bildirib ki, ötən il 30 nəfərin seçildiyi ICESCO-nun Sülh və Təhlükəsizlik üzrə Liderlərin Treninqi (LTIPS) proqramının gənclər arasında böyük maraq doğurduğu nəzərə alınaraq, bu il sözügedən təşəbbüsə üzv ölkələrdən 50 gənc lider cəlb olunub. Onlar təşkilatın gənc sülh elçisi statusunu daşıyırlar.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-11697.html