
“Fussilət” surəsinin 34-cü ayəsində buyurulur:
“Sən pisliyi yaxşılıqla dəf et! Belə olduqda (görəcəksən ki) aranızda düşmənçilik olan şəxs sanki yaxın və səmimi (və köhnə) bir dostundur!”.
Bu ayədən yaxşı başa düşülür ki, dərin düşmənçiliklər insanın əxlaqında nə qədər kök salsa belə, məhəbbət və gözəl davranışla isti və möhkəm dostluqlara çevrilə bilər. Əgər əxlaqın dəyişməsi qeyri-mümkün olsaydı, bu iş əsla baş tutmazdı.
Hədislərində də bu xüsusda aydın ifadələr gözə dəyir.
“Mən əxlaqları kamala çatdırmaqdan ötrü seçilmişəm” – bu hədis əxlaqi sifətlərin dəyişmə imkanına şəffaf bir sübutdur.
Peyğmbər buyurur:
“Əgər bəndələr yaxşı əxlaqın hansı faydalarının olduğunu bilsəydilər, gözəl əxlaqa möhtaclıqlarına əmin olardılar”
“Gözəl əxlaq dinin yarısıdır”.
Əmirəl-möminin Əli (ə) buyurur: “Gözəl əxlaq ağılın meyvələrindən, pis əxlaq isə nadanlığın bəhrələrindəndir”
Nəzərə alsaq ki, elm və bilgisizlik dəyişkəndir, deməli əxlaqın da dəyişməsi mümkün bir işdir.
Peyğəmbərin (s) başqa bir hədisində deyilir: “Allahın bəndəsi ibadət baxımından zəif olduğu halda, gözəl əxlaq sayəsində axirətin ali dərəcələrinə və ən yaxşı məqamlarına çatar”.
Bu hədisdə ilk növbədə gözəl əxlaqın ibadətlə müqayisəsi, ikinci olaraq ali axirət dəyərlərinin qeydi – hansı ki, birbaşa ixtiyari işlərə bağlıdır, üçüncü növbədə gözəl əxlaqı qazanmağa təşviq vardır və bütün bunlar əxlaqın məcburi və ixtiyardan xaric deyil, “iktisabi” (qazanılan) olduğunu göstərir.
Məsumların kəlamlarında bu qəbildən olan hədislər, aşkar və mənalı bəyanlar çox gözə dəyir və hamısı da əxlaqi sifətlərin dəyişmə imkanından xəbər verir. Əks təqdirdə bu ifadə və təşviqlər mənasız olardı. Allah Rəsulundan (ə) nəql edilən başqa bir hədisdə gəlib: Peyğəmbər (s) Cərir ibn Abdullah adlı səhabəyə buyurdu: “Allah sənə gözəl çöhrə verib, əxlaqını da gözəlləşdir!”
Əmirəl-möminin Əli(ə) əxlaqi fəzilətlərə təşviq edən bir hədisdə buyurur: “İnsanın dəyər və keyfiyyəti gözəl əxlaqı və pis əxlaqdan çəkinməsindədir”
Nasir Məkarim Şirazi: "Quranda Əxlaq"