2 İyul, 2022
Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı Azərbaycanda peşə təhsili festivalının keçirilməsinə dəstək verir

İyulun 2-də Avropa İttifaqı (Aİ), BMT-nin İnkişaf Proqramı (BMTİP) və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı ilə İçərişəhər Qoşa Qala meydanında “Bir Peşənin Sirri” adlı festival təşkil olunacaq.

Ahlibeyt.az-ın xəbərinə görə, bu barədə Peşə Təhsili Agentliyinin məlumatında bildirilir.

Tədbirin keçirilməsində əsas məqsəd peşə təhsilinin əhatə dairəsini daha da genişləndirmək, gənclərin, valideynlərin, o cümlədən bütün maraqlı tərəflərin peşə təhsili haqda məlumatlılığının artırılması və bu prosesə cəlb olunmasını təmin etməkdir.

Festivalda qonaqları Bakı və müxtəlif regionları təmsil edən peşə təhsil müəssisələrinin turizm, sənaye, kənd təsərrüfatı, İKT və ictimai iaşə istiqamətlərində təhsil alan tələbələrinin əl işlərindən ibarət sərgilər, ustad dərsləri və müxtəlif fəaliyyətlər gözləyir. Bununla yanaşı, tədbir iştirakçıları üçün “WorldSkills Azerbaijan” platforması çərçivəsində əyləncəli oyunların və viktorinaların keçirilməsi də nəzərdə tutulub.

“Bir Peşənin Sirri” festivalına Aİ tərəfindən maliyyələşdirilən və BMTİP tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilən “Gələcək üçün peşə təhsili və təlimi: Azərbaycanda qabaqcıl peşə təhsili mərkəzlərinin yaradılmasına dəstək” layihəsi dəstək verir. Festivalın tərəfdaşı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, media tərəfdaşı isə İctimai Televiziya və Radio Yayımları şirkətidir.

Festival saat 12:00-18:00 aralığında keçiriləcək.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-11509.html