
9 may faşizm üzərində Qələbənin 76-cı ildönümü münasibətilə Rusiya sülhməramlı qüvvələrinin Xankəndi şəhərində təntənəli sıra düzülüşü planlaşdırılır.
Ahlibeyt.az-ın xəbərinə görə, bu barədə Faşizm üzərində Qələbənin 76-cı ildönümü münasibətilə Müdafiə Nazirliyinin mətbuata açıqlamasımda qeyd olunur.
Müdafiə Nazirliyinin açıqlamasında bildirilir ki, hər il olduğu kimi, bu il də ölkəmizdə 9 May – Qələbə günü münasibətilə müxtəlif tədbirlər keçiriləcək. Müdafiə Nazirliyinin tədbirlər planına uyğun olaraq hərbi hissələrdə, ali hərbi məktəblərdə görüşlər təşkil olunacaqdır. Türkiyə - Rusiya Birgə Monitorinq Mərkəzində xidmət göstərən bir qrup hərbçi Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Beyləqan rayonunda II Dünya müharibəsində iştirak etmiş və həlak olmuş şəxslərin xatirəsinə ucaldılmış abidə önünə əklil qoyacaqlar. Həmçinin, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanata uyğun olaraq müvəqqəti olaraq Azərbaycan ərazisində yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin Xankəndi şəhərində təntənəli sıra düzülüşü planlaşdırılır.
II Dünya müharibəsində və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş bütün əsgər və zabitlərimizin xatirəsini böyük ehtiramla yad edir, onlara Uca Allahdan Rəhmət diləyir, qazilərimizə uzun ömür və cansağlığı arzu edirik.