18 Mart, 2021
İslam ölkələrində kiberməkanın təhlükəsizliyi məsələləri müzakirə edilib

1

İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) mənzil qərargahında rəqəmsal texnologiyalar üzrə mütəxəssislərin iştirakı ilə “İnsan haqları və rəqəmsal çağırışlar” mövzusunda keçirilən konfransda İslam ölkələrində kiberməkanın təhlükəsizliyi məsələləri müzakirə edilib.

Ahlibeyt.az-ın xəbərinə görə, Təşkilatdan AZƏRTAC-a bildiriblər ki, Baş direktor Salim bin Məhəmməd əl-Malik yüksək texnologiyaların, habelə süni intellektin inkişafının cəmiyyət üçün tərəqqi mənbəyi olduğunu qeyd etməklər yanaşı, yeni problemlərin də meydana çıxdığını vurğulayıb. O əlavə edib ki, dövlətlər öz vətəndaşlarının söz və ifadə azadlığını qorumaqla paralel olaraq, kiberməkan istifadəçilərinin təhlükəsizliyini, şəxsi məlumatların mühafizəsini təmin etməlidir.

ICESCO-nun Baş direktoru bu məqsədlə üzv ölkələri müvafiq qanunvericiliyi təkmilləşdirməyə, şəxsi məlumatların mühafizəsinə dair konvensiyaya qoşulmağa, kiberməkanda qadın və uşaqlara qarşı təcavüz, irqi və dini zəmində ayrı-seçkilik, terrorizm və ekstremizm, habelə çirkli pulların “yuyulması” kimi qanunsuz əməllərin qarşısını almağa çağırıb. Onun sözlərinə görə, bütün bunlara yalnız qanunverici, hüquq-mühafizə orqanları ilə vətəndaş cəmiyyətinin sıx əməkdaşlığına söykənən regional və beynəlxalq sistem yaratmaqla nail olmaq mümkündür.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-10956.html