17 Fevral, 2021
Milli Kitabxanada “Dahi alim Nəsirəddin Tusi” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim edilib

Görkəmli mütəfəkkir Nəsirəddin Tusinin anadan olmasının 820 illik yubileyi münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası böyük alimin həyat və fəaliyyətini əks etdirən “Dahi alim Nəsirəddin Tusi” adlı virtual sərgi hazırlayıb.

Ahlibeyt.az-ın xəbərinə görə, Milli Kitabxananın məlumatında bildirilir ki, virtual sərgidə dünya şöhrətli alimin həyat və fəaliyyətini əks etdirən materiallar, fotolar, müəllifi olduğu kitablar, eləcə də haqqında yazılmış kitab və məqalələr nümayiş olunur.

Orta əsr Şərq fəlsəfəsində məşşaiyyə (məşşailik) adı ilə də tanınan Şərq peripatetikləri nümayəndələri içərisində özünəməxsus mövqeyi ilə seçilən, dünya fəlsəfə tarixinə Azərbaycanın töhfə etdiyi dahi filosoflardan biri olan ensiklopedik zəka sahibi, dövlət xadimi, görkəmli alim və mütəfəkkir Xacə Nəsirəddin Əbucəfər Məhəmməd ibn Məhəmməd ibn Həsən Tusi (1201-1274) düşüncə tarixində möhtəşəm bir iz qoyub. N.Tusi özünün çoxcəhətli yaradıcılığı, ensiklopedik zəkası, təkzibedilməz mütəfəkkirlik qabiliyyəti ilə təkcə Şərq fəlsəfəsinə deyil, ümumdünya təfəkkür tarixinə təsir edə biləcək bir yaradıcılıq yolu keçib. N.Tusi fəlsəfə ilə yanaşı astronomiya, riyaziyyat, optika, mineralogiya, məntiq, etika və başqa elmlərə dair dünya şöhrəti qazanmış əsərlərin müəllifi olması onun tədqiqatçılarının müxtəlif elm sahələrindən olmasına səbəb olub.

Milli Kitabxanının təqdim etdiyi "Virtual sərgi" ilə tanış olmaq istəyənlər: http://anl.az/el/vsb/Dahi_alim_Nesireddin_Tusi/index.htm linkindən istifadə edə bilərlər.

 

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-10883.html