22 Yanvar, 2021
Azərbaycanda fevralın 1-dən təhsil müəssisələrində əyani tədris mərhələli şəkildə bərpa olunur

Baş nazir Əli Əsədov “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” qərar imzalayıb.

Qərara əsasən, xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2021-ci il 1 fevral tarixindən tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkili sanitar-epidemioloji vəziyyətlə bağlı Azərbaycan Respublikasının baş dövlət sanitariya həkiminin və ya Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin müvafiq rəyləri əsasında Təhsil Nazirliyinin qərarına əsasən, təhsil pillələri və səviyyələri üzrə mərhələli şəkildə təmin edilir.

Ahlibeyt.az-ın məlumatına görə, xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair bu gün keçirilən brifinqdə Təhsil naziri Emin Əmrullayev bildirib ki, Fevralın 1-dən bütün təhsil müəssisələrində əyani tədris mərhələli şəkildə bərpa olunacaq.

Nazir deyib ki, təhsil müəssisələrində əyani tədrisin bərpası Fevralın 1-dən Bakı, Sumqayıt, Abşeronda ibtidai təhsil, məktəbəhazırlıq, icma əsaslı qrupların fəaliyyəti mərhələli bərpa ediləcək.

İri şəhərlərdə tədris həftədə 3 dəfə olmaqla, digər rayonlarda isə həftədə 4 və 5 dəfə olmaqla bərpa olunacaq.

“Fevralın 1-dən sonrakı növbəti iki həftə ərzində sonrakı təhsil pillələrində əyani tədrisin bərpası barədə qərarlar olacaq, yoluxma proqnozunu indidən vermək çətindir. Buna görə kifayət qədər ehtiyatlı addımlar atmalıyıq”.

Nazir deyib ki, sonrakı iki həftədə V-IX siniflərdə, həmçinin peşə və ali məktəblərdə əyani tədrisin qismən bərpası gözlənilir, amma bu, yoluxmadan asılıdır:

Metronun fəaliyyəti hələ də bərpa edilməyib, növbəti mərhələdə belə qərar olarsa, V-IX siniflər də açıla bilər. Hazırda bütün inzibati ərazilərdə heç olmasa gün ərzində 1 yoluxma belə var. Daha az yoluxma olarsa, bölgələrdə daha sürətli açılma ola bilər. Növbəti həftələrdə - fevralın 8-i və 15-i mümkün qədər açılış ola bilər, məqsəd mümkün dərəcədə məktəbləri dayanıqlı formatda əyani təhsilə qaytarmaqdır.

Nazir qeyd edib ki, əyani tədrisin həftədə 3 dəfə olması zərurətdən irəli gəlir:

ÜST-ün tələbi sosial məsafənin 1,5 metr olmasıdır. Siniflərin, məktəblərin, müəllimlərin sayı baxımından siniflər bölünürsə, həftədə  5 dəfə mümkün olmur. Məktəblərin çoxu 2 növbəlidir. Əsas məsələ sıxlığı idarə etməkdir. Bütün məktəblərdə sıxlıq əmsalları eyni deyil. 85600 sinifdən 49 minində, yəni 57 faizində şagird sayı 20 nəfərə yaxın, 20 minində 20-25 nəfər arasındadır. Təxminən 80 faiz şagirdimiz 25 və daha az şagirdlə sinifdə oturur. 311 sinifdə, yəni siniflərin 0,9 faizində sinifdə 40-dan çox şagird olur.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-10820.html