5 May, 2012
İmam Musa Sədrin Dr. Əli Şəriətiyə Münasibəti

“İslam-azeri.az” İmam Musa Sədrin bacısı oğlu Seyid Sadiq Təbatəbaiyə istinadən yazır ki, İmam Musa Sədr Əli Şəriətinin bütün fikirlərini bölüşməsə də onu çox dəyərləndirirdi. İmam Musa hesab edirdi ki, doktor Əli Şəriəti marksizmin baş alıb getdiyi bir dövrdə gənclərin bu ideyalara uymasının qarşısını alır, həmçinin dini universitetə apararaq, dinə elmi bucaqdan baxılmasına nail olmuşdu.

Seyid Sadiq Təbatəbai deyir ki, İmam Musa Sədr bəzilərinin Şəriəti əleyhinə səsləndirdikləri fikirlərə gülürdü. Sədr deyirdi ki, Şəriətinin imtiyazlarından biri budur ki, ona qarşı olanlar qərəzli və savadsız adamlardırlar.

Şəriətinin Avropaya gəlməsi o şəraitdə çox təsirli ola bilərdi. Onun bir-çox dostları, o cümlədən dr. Həbibi və ya dr. Çəmran da xaricdə idilər. Musa Sədr çalışırdı ki, “Sürgündə İrşad hüseyniyyəsi” təsis edilsin və Şəriətinin köməyi ilə London və ya Parisdə bir elmi və dini mərkəz yaratsınlar.

İmam Musa Sədr ilə Şəriəti ilk görüşlərində qərara gəldilər ki, bu görüşlər davam etsin. Amma təəssüf ki, doktor ondan neçə gün sonra dünyadan köçdü. Şəriətinin ölümü Sədrə çox pis təsir etdi. Doktorun cənazəsinin Dəməşqə aparılması və Londonda doktora yeddi və qırx verilməsi üçün Musa Sədr var gücü ilə çalışdı.

Şəriətinin ölümündən sonra şah rejimi çalışdı ki, xüsusi təntənə ilə onun cənazəsini İrana gətirsinlər. Şah hökuməti bu addımı ilə həm Şəriətinin guya rejimə bağlılığını isbat etmək, həm də gənclərin ona olan rəğbətini aradan aparmaq istəyirdi. Lakin İmam Musa Sədrin istəyi ilə, doktor Şəriətinin cənazəsi Suriyada, Həzrət Zeynəbin (s) hərəmində dəfn edildi. İran ruhanilərinin bir qrupu və Londonda şahın adamları Sədrə hücuma keçsələr də, o bunlara əhəmiyyət vermədi.

Şəriətinin qırxı Livanda da çox yüksək şəkildə qeyd olundu. Londondan, Suriyadan, həmçinin Fələstin Azadlıq Təşkilatından böyük dini və siyasi şəxsiyyətlər, o cümlədən Yasir Ərəfat bu mərasimdə iştirak etdilər. Yasir Ərəfat bu mərasimdə gözəl nitq söylədi. Bu mərasimdə Sədrin çıxışı doğrudan da siyasi, dini və mədəni bir xartiya idi.

Burada xaricdə yaşayan Mübariz Ruhanilərdən çoxlu sayda adam, islami cəmiyyətlərin üzvləri, həmçinin Nəcəfdən nümayəndələr iştirak edirdilər. Bu mərasim şah əleyhinə böyük bir siyasi akta çevrildi. Həmin məclisin əks-sədası və müsbət təsirləri uzun müddət xaricdə və İranda eşidilirdi.

Təəssüf ki, doktorun Avropaya səfəri nakam qaldı. Sədr və Şəriətinin nəzərdə tutduqları mərkəz yaransaydı, indiyə kimi fəaliyyətini davam etdirər, dini araşdırmalar mərkəzi olaraq həqiqətləri işıqlandırardı. Xüsusən də həmin dövrdə doktorun və Sədrin tənqidi baxışları ilə Elmiyyə Hövzələrində islahatlar aparılar, beləliklə də geriqalmış fikirlərin əsrə uyğun hərəkatlara mane olması çətin ki baş tutardı.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1081.html