13 Yanvar, 2021
Medianın İnkişafı Agentliyi onlayn media və informasiya agentliklərinin layihələrinə də maliyyə dəstəyi verəcək


KİVDF-nin əsasında Medianın İnkişafı Agentliyi yaradılıb.

Ahlibeyt.az-ın xəbərinə görə, Prezident İlham Əliyev “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” fərman imzalayıb.

Fərmana əsasən,  Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb, “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Nizamnaməsi” təsdiq edilib.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına “Media haqqında” qanununun layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun hüquqi varisidir, onun hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçir. Agentliyin nizamnamə fondu 285 min 405 manat təşkil edir və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.

"Medianın İnkişafı Agentliyi çap  mediası ilə bərabər onlayn media subyektləri və informasiya agentliklərinin layihələrinə də maliyyə dəstəyi verəcək" - bu  Prezident İlham Əliyevin imzaladığı fərmanla təsdiqlənən Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Nizamnaməsində əksini tapıb.

Nizamnaməyə əsasən, Medianın İnkişafı Agentliyi medianın inkişafının dəstəklənməsi, media sahəsində mütəxəssislər hazırlanması və onların əlavə təhsilinin təşkili, audiovizual, çap, onlayn media subyektlərinin və informasiya agentliklərinin (media subyektləri), habelə jurnalistlərin və digər media işçilərinin fəaliyyətinin, eləcə də media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması istiqamətində fəaliyyət göstərən publik hüquqi şəxsdir.



Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-10785.html