4 Dekabr, 2009
Şiəlikdə məhdəviyyət

"Biz zəiflədilmiş kəslərə nemət bəxş etməyi və onları yer üzünün sahibi etməyi iradə etdik" Qəsəs surəsi, ayə 5

Şiəlikdə məhdəviyyətin ayrıca bəhs olunmasının səbəbi bizim bir müsəlman şiə ölkəsi olmağımızdır. Dünyada az ölkələr var ki, əhalisinin mütləq əksəriyyəti şiə olsun ki, onlardan biri də Azərbaycandır. Şiəlik Azərbaycanın milli-mənəvi dəyərlərinin əsasını təşkil edən amillərdən biri olmaqla yanaşı tariximizdə böyük rol olynayıb. Bir millət kimi bizim vahid dövlətlərə birləşməyimiz, işğalçılara qarşı qiyamlarımız, dünya sivilizasiyasına dəyərli töhfələr verməyimiz birbaşa şiəliklə bağlıdır. Şiəliyin məhdəvviyyət konsepsiyası isə Azərbaycan sülaləsi olan Səfəvilərin bir dövlət kimi qurulub güclənməsində müstəsnə rol oynayıb. Bircə onu qeyd etmək kifayətdir ki, Şah İsmayıl insanlara Məhdinin(ə.f) gəlişi barədə müjdə verməsi və xalqın Səfəvi hakimiyyəti altında bu yolda çalışmasına çağırış insanların könüllü surətdə Şah İsmayılın tabeçiliyinə keçməsi ilə nəticələndi. Bütün bundan əlavə İmamlardan(ə) gələn rəvayətlərdə Məhdinin(ə.f) zühuru zamanı Azərbaycanın da xüsusi rol oynayacağı barədə xəbər verilib.

Yuxarıda qeyd olunduğu kimi, hər iki müsəlman təriqətləri - şiələrlə sünnülər məhədviyət barədə vahid etiqada malikdirlər. Ancaq burada bir neçə fərq var ki, onlar üzərində dayanmaq istərdik. Birincisi, şiələr Məhdinin(ə.f) artıq anadan olub və min ildən artıq qeybdə yaşayan 12-ci İmamın(ə) olduğunu deyilər. İkincisi şiəlik zühur dövrü barədə gəlmiş rəvayətlərə məcazi mənalar verir.

İslam təliminə əsasən mütləq hakimiyyət yalnız Allaha məxsusdur. İlahi peyğəmbərlər(ə) və imamlar(ə) Allahın insanlara göndərdiyi elçi və hakimlərdir. İnsanlar bu hökuməti qəbul edib-etməməkdə azaddırlar və İlahi övliyaların hətta dini hakimiyyəti zor gücünə bərqərar etmələri yolverilməzdir. Allah daim yer üzərinə öz peyğəmbərlərini göndərsə də insanlar əksər hallarda ilahi göstərişlərə üz çevirib öz istədiklərimi kimi yaşamağı üstün tutublar. Nəhayət Həzrət Məhəmmədin(s) timsalında peyğəmbərlər silsiləsi sona çatdı. Buna əsas səbəb isə bəşəriyyətin yeni mərhələyə, azad şəkildə dini ehkamları öyrənmək mərhələsinə qədəm qoyması idi. İlahi göstərişlərin şərhi və tətbiqində səhvə yol verilməməsi üçün Allah imamlar(ə) təyin etdi. Peyğəmbərlərdən fərqli olaraq imamlar(ə) İlahi göstərişlər gətirmirlər. Əksinə onları düzgün aşılayıb tətbiq etməli idilər. Ancaq insanlar yenə də İlahi övliyalardan üz döndərdiyinə görə Allah bəşəriyyətə öz istədiyi kimi inkişaf etməyə şərait yaratdı. 12-ci imamın(ə.f) qeybə çəkilməsi də elə bu səbəbdən oldu. Artıq insanlar Allahın nümayəndəsi ilə birbaşa əlaqədən məhrum oldu və özləri düzgün yol axtmaq məcburiyyətində qaldılar. Bəşəriyyət bütün keşməkeşli yollardan keçdikdən sonra, müxtəlif əqidələri sınaqdan keçirdikdən sonra İlahi bir yolgöstərənin zəruriliyini anlayacaq. İnsan bütün maddi-texniki inkişafa baxmayaraq mənəviyyatında boşluq hiss edəcək, maddi və mənəvi durum arasında uyğunsuzluğun aradan qaldırılmasında gücsüz olacaq. Məhz bəşəriyyətin Allah tərəfindən göndərilən rəhbəri qəbul etməyə hazır olduğu zaman Məhdi(ə.f) zühur edəcək.

Qeybə çəkilmək(qeybət) İslam ənənəsində yenilik deyildi. Quran özü İsanın(ə) ölmədiyini və qeybə çəkildiyini bəyan edir. Məhdinin(ə.f) qeybə çəkilməsinin bir neçə səbəbi var. Bunlardan birincisi Allah yer üzünü bir an belə Öz nümayəndəsində məhrum edə bilməz. İmamın(ə.f) qeybdə olması onun əlçatmaz olması demək deyil. İmamın(ə.f) bir çox hallarda insanın özünün belə xəbəri olmadan ona yol göstəməsi dində qəbul olunur. Həmçinin mömin bəndələr daim öz rəhbərlərinin sağ olduğunu, onun dəstək və məhəbbətini öz üzərlərində hiss etməsi üçün qeybət konsepsiyası böyük əhəmiyyət kəsb edir. Bu insanlarda ümid, özünəinam və qətiyyət hissləri yaradır.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-106.html