
Noyabrın 2-də gün ərzində və 3-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub.
Ahlibeyt.az-ın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyi mətbuat xidməti məlumat yayıb.
Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd, Zəngilan və Qubadlı istiqamətlərində davam edib. Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib.
Sutka ərzində düşmənin xeyli sayda canlı qüvvəsi, 4 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 1 ədəd KUB zenit-raket kompleksi, 9 ədəd müxtəlif tipli topu və 2 ədəd sursatla dolu yük maşını məhv edilib və sıradan çıxarılıb.
Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.
Məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan yenə atəşə tutub.
Noyabrın 3-ü saat 00:25-dən 04:45-dək Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonlarından Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən atəşə tutulub.