
11:10
Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də bildirib:
“Raketlər Ermənistanın Qafan və Cermux bölgələrindən Qəbələyə atılıb. Çox güman ki, Səddam Hüseynin vaxtilə istifadə etdiyi SCUD raketləri ilə Qəbələyə zərbə endirilib. Ermənistanın ağılsızlığının həddi-hüdudu yoxdur”
.....
10:11
"Ermənistan öz ərazisindən Azərbaycanın Qəbələ, Kürdəmir və Siyəzən şəhərlərinə operativ taktiki raketlər atıb".
Ahlibeyt.az-ın məlumatına görə, bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də yazıb.
O bildirib ki, günahsız mülki əhali və mülki obyektlər Ermənistanın raket hücumunun hədəfində olub: “Ermənistan mülki şəxslərə qarşı müharibə cinayətlərini davam etdirir”.
Qeyd edək ki, Müdafiə Nazirliyinin məlumatına görə, Oktyabrın 22-də səhər saatlarında Ermənistan ərazisindən Azərbaycan ərazisi əməliyyat-taktiki raket kompleksindən ballistik raketlərlə atəşə tutulub.
Düşmən tərəfindən saat 07.00 radələrində Siyəzən rayonu istiqamətində 3 raket, saat 09.00 radələrində isə Qəbələ rayonu istiqamətində 2 raket və Kürdəmir rayonu istiqamətində 1 raket buraxılıb.
Ermənistan silahlı qüvvələrinin hədəfi dinc əhali və mülki infrastruktur olub.
Düşmənin raket hücumu nəticəsində tələfat yoxdur.