16 Oktyabr, 2020
Prezident İlaham Əliyev: “Əminəm ki, yaxın zamanlarda Füzuli rayonundan da çox yaxşı xəbərlər gələcək”

Bizim əsas məqsədimiz ərazi bütövlüyümüzü bərpa etməkdir. Ona görə döyüş meydanında da əsas hədəf strateji yüksəklikləri işğalçılardan azad etmək və böyük əraziləri nəzarət altına almaqdır.

Dünən mənim tərəfimdən verilən açıqlama Azərbaycan xalqını növbəti dəfə sevindirdi. Füzuli rayonunun 3, Xocavənd rayonunun 5 kəndi işğalçılardan azad edildi. Onu da deyim ki, həm şimal, həm cənub və həm də şərq istiqamətlərində strateji yüksəkliklər artıq bizim nəzarətimizdədir.

Bizim uğurlu əməliyyatımız davam edir. Bu günə qədər, - əlbəttə ki, hər gün bu rəqəmlər dəyişir, - təqribən 40-a yaxın, ya da ki, 40-dan çox yaşayış məntəqəsi, - şəhərlər və kəndlər işğalçılardan azad edilmişdir. Yaxın vaxtlarda növbəti sevincli xəbərlər, xoş xəbərlər gələcəkdir.

Ahlibeyt.az-ın məlumatına görə,bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Türkiyənin NTV televiziyasına geniş müsahibəsi zamanı işğaldan azad olunmuş ərazilərlə bağlı sualları cavablandırarkən bildirib.

Zənnimcə, Xankəndinə yaxınlaşdınız.

– Biz əsas əməliyyatları indi şimal, cənub istiqamətlərində aparırıq. Bildiyiniz kimi, Cəbrayıl şəhərinin işğaldan azad edilməsi çox uğurlu əməliyyat nəticəsində baş vermişdir. Cəbrayıl rayonunun kəndlərinin böyük qismi artıq bizdədir. Eyni zamanda, Füzuli rayonunun bir çox kəndlərini işğalçılardan azad etdik. Əminəm ki, yaxın zamanlarda Füzuli rayonundan da çox yaxşı xəbərlər gələcək. Eyni zamanda, şimal istiqamətində Suqovuşan qəsəbəsinin işğalçılardan azad edilməsi də çox uğurlu əməliyyat nəticəsində baş vermişdir. O da strateji əhəmiyyətə malikdir. Çünki orada həm yüksəkliklər böyük əraziyə nəzarət etməyə imkan yaradır, həm də orada çox önəmli su anbarı yerləşir. Eyni zamanda, Ermənistan bizə qarşı, su terroru təşkil etmişdir və bizim yüz mindən çox hektar torpağımızda su yox idi. Biz artezian quyuları qazmalı idik. İndi Suqovuşan qəsəbəsində yerləşən anbar bizim nəzarətimizə keçəndən sonra artıq böyük bir əraziyə su verilir.

Ona görə biz əməliyyatımızı tədricən, vahid bir planlama əsasında aparırıq. Bütün hədəflər seçilib. Ermənistan tərəfi, sadəcə olaraq, bu reallıqla hesablaşmalı və təcavüzünü dayandırmalıdır, atəşkəsə əməl etməlidir və qalan torpaqlardan da öz xoşu ilə çıxmalıdır ki, qan tökülməsin və bundan sonra bu məsələ sülh yolu ilə həll edilsin.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-10449.html