21 Sentyabr, 2020
Prezident İlham Əliyev: “Artıq Ermənistandan Dağlıq Qarabağa gedən yol da bizim gözümüzün qabağındadır”

Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu çox böyük məharətlə, peşəkarlıqla bir itki vermədən önəmli strateji yüksəklikləri aldı, mövqelərimizi möhkəmləndirdik. Ermənilər ayılıb gördülər ki, biz artıq oradayıq. Cürət etmədilər, qorxdular ki, bizi oradan çıxarmağa cəhd etsinlər.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə, bu fikirləri Prezident İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimindən sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına verdiyi geniş müsahibəsi zamanı bildirib:

Cənab Prezident, mənim sualım Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır. Danışıqların hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?

-Mən danışıqların hazırkı vəziyyətini mənfi qiymətləndirirəm. Hesab edirəm ki, Azərbaycan xalqı mənimlə tam razıdır. Bilirsiniz, mən hər zaman, bütün dövrlərdə Azərbaycan xalqına həqiqəti demişəm və hesab edirəm ki, bu, yeganə düzgün siyasətdir. Xalq bilməlidir nələr baş verir, hansı yerdəyik, nədir bizim siyasətimiz. Mən çıxışlarımda və media nümayəndələri ilə görüşlərimdə aktual məsələlərə aydınlıq gətirirəm və hesab edirəm ki, bu, çox vacibdir. Çünki vətəndaşlar bilməlidirlər və düzgün təhlil aparmaq üçün onlar düzgün məlumat əldə etməlidirlər.

Danışıqlar faktiki olaraq getmir. Mən demişəm ki, biz imitasiya naminə danışıqlarda iştirak etməyəcəyik. O demək deyil ki, biz danışıqlardan imtina edirik, ancaq o deməkdir ki, biz Ermənistanın özünə görə bic siyasətinə qoşulmaq istəmirik. Bu görüntü naminə aparılan danışıqlarda iştirakımız o görüntünün mahiyyətinə uyğun olacaqdır. Faktiki olaraq Ermənistan rəhbəri danışıqlar prosesini pozub, pozur yox, pozub. Çünki onların cəfəng bəyanatları, təxribat xarakterli addımları danışıqları mənasız edir.

Əfsuslar olsun ki, Ermənistanın indiki rəhbərliyi bu məsuliyyəti dərk etmir. Onlar bu addımların nəyə gətirib çıxara biləcəyini də düzgün təhlil edə bilmirlər. Halbuki Ermənistanda rasional düşüncəli insanlar, siyasətçilər var. O siyasətçilər özləri artıq bu məsələni qaldırırlar və Ermənistan ictimaiyyətinə öz fikirlərini çatdırırlar ki, Ermənistanın bugünkü rəhbərliyi Ermənistanı uçuruma aparır. Siz bilirsiniz ki, iki il bundan əvvəl Ermənistanda dövlət çevrilişi baş verəndə Azərbaycan buna neytral qaldı. Yəni, biz vəziyyətdən istifadə edib nəyisə əldə etmək fikrində olmadıq. Biz hesab edirdik ki, bu, labüd idi. Çünki Ermənistanın bundan əvvəlki hakimiyyəti erməni xalqında ancaq nifrət hissləri doğururdu və faktiki olaraq bu hərbi-kriminal rejim Ermənistanı tamamilə bərbad vəziyyətə salmışdı. Xüsusilə nəzərə alsaq ki, yeni hakimiyyət hakimiyyətə gələndən sonra çox ümidverici bəyanatlar verməyə başlamışdır ki, bu məsələni həll etmək istəyirlər, əvvəlki hakimiyyəti tənqid edirdi, bizə qeyri-rəsmi kanallarla müsbət siqnallar göndərirdi, vaxt istəyirdi. Biz də ümidlərlə yaşayırdıq ki, bəli, yeni hakimiyyət bütün başqa sahələrdə də, bu sahədə də yenilik gətirəcək və o əvvəlki yanlış siyasətə düzəliş edəcək. Xüsusilə mənim Ermənistanın baş naziri ilə Düşənbədəki məlum görüşlərimdən sonra bu fikir daha da möhkəmləndi. O vaxt məndən xahiş olundu ki, onlara vaxt verilsin, Ermənistanda daxili vəziyyət ağırdır, çətindir, keçmiş hakimiyyətin nümayəndələri revanş almaq istəyirlər və bu da danışıqlar prosesinə çox mənfi təsir göstərəcək. Onlar danışıqlara meyillidir, məsələni həll etmək istəyirlər və xahiş edilirdi ki, atəşkəs rejimi möhkəmlənsin. Mənim isə sözüm o idi ki, biz ciddi danışıqlar aparmalıyıq və o təqdirdə, əlbəttə, atəşkəs rejimi daha da möhkəm olacaqdır.

O görüşdən sonra hər iki tərəf razılıq əsasında ayrı-ayrı açıqlamalar verdi. Açıqlamaların əsas mahiyyəti ondan ibarət idi ki, biz görüşdük, yəni, qeyri-formal, qeyri-rəsmi görüş keçirdik, razılaşdıq ki, danışıqlar prosesi sürətləndirilsin və atəşkəs rejimi möhkəmləndirilsin. Çünki bu iki mövqe daim vəhdət təşkil etməlidir. Əks təqdirdə, bu, status-kvonun möhkəmləndirilməsi demək olacaqdır, buna isə biz heç vaxt razı ola bilmərik. Müəyyən müddət ərzində Minsk qrupunun həmsədrləri də ümidlərlə yaşayırdılar və gəlib gedəndə, görüşlər əsnasında ümidlərlə dolu fərziyyələr irəli sürürdülər. Ancaq keçən il Ermənistan baş nazirinin səsləndirdiyi cəfəng fikirlər danışıqlar prosesinə ciddi zərbə vurdu. “Qarabağ Ermənistandır” deməklə nəinki o yalanı bütün dünyaya yaydı və bu da davam edir, eyni zamanda, danışıqlar prosesini mənasız edir. Əgər o hesab edir ki, Qarabağ Ermənistandır, onda nə barədə danışmaq olar? Əgər o, belə hesab edir ki, Qarabağ Ermənistandır, - halbuki bütün dünya bu cəfəng fikri rədd edib, - onda hansı sülh müqaviləsindən söhbət gedə bilər. Yəni, bu, siyasi təxribat idi.

İkinci siyasi təxribat o idi ki, Azərbaycan Ermənistanla yox, Dağlıq Qarabağla danışıqlar aparmalıdır. Bu da formatı dəyişdirmək deməkdir və buna əlbəttə ki, biz heç vaxt razı ola bilmərik. Çünki bu oyuncaq kriminal xunta rejimi ilə heç bir təmaslarımız ola bilməz. Eyni zamanda, Minsk qrupunun həmsədrləri də buna əlbəttə ki, heç vaxt razı ola bilməzdilər. Düzdür, onlar diplomatdırlar və çalışırlar ki, diplomatik leksikonu dilə gətirsinlər, ancaq hesab edirəm, Ermənistan tərəfinə artıq deyildi ki, bu kimi açıqlamalar ziyanlıdır və onların özləri üçün də problemlər yaradır. Faktiki olaraq bu açıqlamalar onu deməyə əsas verir ki, Ermənistan danışıqlardan çıxıb, biz yox, Ermənistan. Belə olan halda, biz duraq deyək ki, gəlin danışıqlara başlayaq, yaxud da davam edək, bu, sadəcə, məsuliyyətsizlik olar. Özümüz-özümüzü aldatmamalıyıq, xalqımızı aldatmamalıyıq. Danışıqlar getmir və bu, pandemiyaya görə baş vermir. Əlbəttə, pandemiya müdaxilə edib, amma pandemiyasız da danışıqlar getmir. Siyasi cəhətdən bu qüsurlu və ziyanlı bəyanatlar danışıqlar üçün yer qoymur.

İndi baxın, onların digər addımlarına. Ermənistan tərəfindən qanunsuz məskunlaşdırma aparılır. Bu, bütün beynəlxalq konvensiyalara ziddir. Onların ağlı çatmır, təcrübəsi, bilikləri yoxdur – onlar bunu nümayişkaranə göstərirlər. Bu, Cenevrə Konvensiyasına tamamilə ziddir, bu, cinayətdir. İşğal edilmiş torpaqlara haradansa insan gətirib qanunsuz məskunlaşdırmaq cinayətdir. Bunu Paşinyan rejimi şüurlu şəkildə edir. Bu, təxribatdır, bizi təxribata çəkirlər. İnternetdə göstərirlər ki, Livandan hansısa erməni ailəsi gəlibdir, orada hansısa iş görür. Ondan başqa, bizim qədim tarixi şəhərimiz Şuşada o qondarma rejimin qondarma, dırnaqarası rəhbərinin guya andiçmə mərasimini keçirirlər. Bu, növbəti təxribatdır. Bu, bizə qarşı açıq təhqirdir. Onlar hesab edirlər ki, biz buna dözəcəyik? Bunu, bu təxribatı kim edir? Onlar edir. Biz heç bir təxribat etmirik. Biz öz mövqeyimizdə dayanmışıq.

Ermənistanın baş naziri bizə 7 şərt qoyur. Birincisi, sən kimsən ki, bizimlə şərt dilində danışırsan. Əgər biz onunla şərt dili ilə danışmaq istəsək, onun siyasi ömrü çox çəkməyəcək. Mən demişəm ki, biz bu cəfəng şərtləri rədd edirik. Amma bizim bir şərtimiz var, onlar bizim torpaqlarımızdan qeyd-şərtsiz və tam çıxmalıdırlar, necə ki, bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrində öz əksini tapır. Orada hansısa komediya tipli təlimlər keçirirlər. Yəni, hər bir addım bizə qarşı açıq təxribatdır. İyul təxribatı. O da artıq silahlı təxribatdır və heç kimə sirr deyil ki, bunu Ermənistan başlayıb. Artıq Minsk qrupunun həmsədr ölkələrinin birinin yüksək vəzifəli rəsmisi bunu açıq bildirib. Mən o vaxt da demişəm, bu gün də deyirəm, bizim Ermənistan ərazisində heç bir hərbi hədəfimiz yoxdur və əgər istəsəydik, biz Ermənistan ərazisinə keçə bilərdik, bizim tam hərbi imkanlarımız var idi. Amma biz bunu etmədik. Çünki bizim hərbi siyasət konsepsiyamızda bu, yoxdur, əgər bizə qarşı ciddi təxribat törədilməsə. Əgər törədilərsə, onda bizim üçün heç bir məhdudiyyət olmayacaq, bunu hər kəs bilsin, heç bir məhdudiyyət. Əgər onlar beynəlxalq hüququ yerə vururlarsa, biz niyə beynəlxalq hüququ gözləməliyik, biz də yerə vuracağıq, amma axırı pis olacaq onlar üçün. İyul təxribatından sonra avqust təxribatı. Mülki vətəndaşlara qarşı terror aktları, hərbçilərimizə qarşı hərbi təxribat törətmək üçün diversiya qrupu göndərildi və o diversiya qrupunun başçısı tutuldu. O, ifadələr verir, etiraf edir, adlar çəkir, kim göndərib, necə göndərib. Yəni, bu, çoban deyil, bu, yolunu azmış hansısa uşaq deyil. Yoxsa onlar bütün casuslarını çoban və dəli adlandırırlar. Bizdə onlardan artıq 5-6-sı var. Hamısı da dəli, hamısı da çoban? Belə çıxır ki, yəni, Ermənistanda çobanlar və dəlilər əksəriyyət təşkil edir? Buna da çoban demək istəyirdilər, amma daha deyə bilmirlər. Bu təxribatı kim edir? Bizmi diversiya qrupu göndərmişik? Yox, onlar göndəriblər. Bizmi iyul hadisələrini törətmişik? Yox, onlar. Bizmi onların vətəndaşlarını öldürmüşük? Yox, onlar.

Ermənistan tərəfində mülki şəxslər arasında bir dənə də qurban yox idi. Amma bizim 76 yaşlı ağsaqqal həlak oldu, nə qədər ev dağıldı. Ona görə bu təxribatlar faktiki olaraq o siyasətin məntiqi nəticəsidir. Məqsəd danışıqları pozmaq, ondan sonra bizi ittiham etmək və status-kvonu dəyişməz saxlamaqdır. Budur, onların məqsədi. Ona görə hesab edirlər ki, bunu edə biləcəklər, hesab edirəm ki, səhv edirlər. Nə qədər bunu tez anlasalar, onlar üçün bir o qədər yaxşı olacaqdır.

-Cənab Prezident, Ermənistan iyul ayında dövlət sərhədində hərbi təxribat törətdi və Azərbaycan Ordusu tərəfindən layiqli cavabını aldı. İşğalçının təxribatları bu gün də davam etməkdədir. Sizcə Ermənistanın bütün bunları törətməkdə məqsədi nədir?

-Hesab edirəm ki, bu təxribatın məqsədlərindən biri haqqında mən öz fikirlərimi ətraflı söylədim. Digər məqsəd ondan ibarət idi ki, Paşinyan çevriliş nəticəsində hakimiyyətə gələndən bir ay sonra uğurlu Günnüt əməliyyatı keçirildi. Günnüt əməliyyatı onların növbəti məğlubiyyəti idi. Düzdür o vaxt, sözün düzü, əməliyyat artıq keçiriləndən sonra mən göstəriş verdim ki, bu əməliyyat haqqında geniş məlumat verməyin. Çünki biz erməni rəhbərliyindən fərqli olaraq piar üçün yox, mahiyyət üçün işləyirik. Bizə mahiyyət lazımdır. Biz o əməliyyatı keçirdik. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu çox böyük məharətlə, peşəkarlıqla bir itki vermədən önəmli strateji yüksəklikləri aldı, mövqelərimizi möhkəmləndirdik. Ermənilər ayılıb gördülər ki, biz artıq oradayıq. Cürət etmədilər, qorxdular ki, bizi oradan çıxarmağa cəhd etsinlər. Artıq Ermənistandan Dağlıq Qarabağa gedən yol da bizim gözümüzün qabağındadır. Onlar bunu unutmasınlar. Biz görürük, hansı maşınlar keçir, necə keçir. Onlar bunu gizlədirdilər. Çünki Paşinyan təzə gəlmişdi və gələn kimi belə acı məğlubiyyət, alçaldıcı məğlubiyyət. Onlar da gizlədirdilər. Mən də hesab edirdim ki, gizlədirlər, biz də gizlədək. Birincisi, nəyə lazımdır? Biz istədiyimizə nail olmuşuq. İkincisi, yenə də deyirəm biz istəmədik ki, bu yolla əvvəlki hakimiyyətin əlinə bir arqument verək. Çünki o vaxt Ermənistanda vəziyyət lap ağır idi, indi də sabit deyil. Əgər o vaxt bu, dərhal bilinsəydi, ola bilər ki, hansısa daxili revanş hissləri üzə çıxa bilərdi. Amma sonra ondan əvvəlki hakimiyyətin jurnalistləri gəldilər gördülər ki, onların kəndinin başında Azərbaycan əsgərləri oturublar və onlara baxırlar. Yavaş-yavaş başladılar bu mövzunu istismar etməyə. Sonra artıq bu, üzə çıxanda mən də dedim ki, indi açıqlama verin nə etmişik, qoy, hamı bilsin. Oraya çəkiliş qrupu da getdi, çəkilişlər etdi. Siz də orada olmusunuz, görmüsünüz.

Yəni, ikinci məqsəd Paşinyan üçün hər hansı bir qələbənin qazanılması idi. İyul hadisələrini onlar məhz belə planlaşdırmışdılar. Çünki onlar bilirdilər ki, bizim dövlət sərhədinin böyük hissəsində sərhəd qoşunları yerləşib. Bu da bizim niyyətimizi göstərir. Onu göstərir ki, bizim artıq o sərhəddə ordu yox, sərhədin böyük hissəsində sərhədçilər yerləşir. Hesab edirlər ki, onlar rahatlıqla oradan keçib hansısa torpağı zəbt edə bilərlər. Ondan sonra belə raportlar verə bilərlər ki, onlar Azərbaycan torpağını işğal ediblər. Necə ki, onların müdafiə naziri demişdi ki, yeni ərazilər uğrunda yeni müharibə olacaq. O da təxribatın bir təzahürüdür. Amma o da alınmadı. Bir santimetr belə girə bilmədilər. Biz onlara sarsıdıcı zərbələr endirdik. O zərbələrin bəziləri internetdə göstərildi. Dəqiq atəşlə onların dayaq məntəqələri məhv edildi.

Bir daha demək istəyirəm ki, artıq Ermənistan ərazisinə keçmək üçün bizə heç bir hərbi maneə yoxdur. Mənə gün ərzində dəfələrlə məlumat verilirdi. Mənim bir sözümlə Azərbaycan Ordusu keçib oturacaqdı Ermənistanın ərazisində. Amma getmədik. Biz məsuliyyətli ölkəyik. Bu, birincisi. İkincisi, bizim hələ ki, Ermənistan ərazisində hər hansı bir məqsədimiz yoxdur. Ancaq əgər bu təxribatlar davam etsə, əlbəttə ki, biz öz siyasətimizə yenidən baxacağıq. Bu da alınmadı. İndi də onlar o məğlubiyyəti qələbə kimi qələmə vermək istəyirlər. Amma sual olunur, əgər bu, qələbədirsə, haradadır bu qələbə? Nədir onda bu qələbə? Bu, birincisi. İkincisi, əgər bu qələbədirsə, onda siz niyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət edirsiniz? Niyə hay-küy qaldırırsınız? Niyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını cəlb etmək istəyirsiniz? Hesab edirəm ki, onların təxribatının səbəblərindən biri məhz zondaj aparmaq idi ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında onların müttəfiqlərinin reaksiyası nə olacaq? Çünki onlar yeni böyük müharibəyə hazırlaşırlar. Bizdə operativ kəşfiyyat məlumatı var. Biz bilirik ətrafımızda nələr baş verir. Bilirik və bilməliyik. Bizim xüsusi xidmət orqanları çox səmərəli işləyirlər. Bu qədər deyə bilərəm. Bundan artıq deyə bilmərəm. Ona görə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını, öz müttəfiqlərini bu işlərə cəlb etmək üçün zondaj aparılır. O da alınmadı. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı heç bir bəyanat da vermədi, bir şərh verdi. Ondan sonra gördülər ki, onların səyləri puça çıxdı və çəkildilər kənara. İndi yenə də əfsanələr uydururlar ki, onlar böyük qələbə qazanıblar. Amma reallıq bundan ibarətdir.

Bu, bir daha onu göstərir ki, Ermənistan təcavüzkar dövlətdir. Onların Azərbaycana, azərbaycanlılara qarşı olan nifrəti bax, bu çirkin siyasətdə də özünü göstərir. Bir daha demək istəyirəm və onlara xəbərdarlıq etmək istəyirəm ki, əgər öz çirkin planlarından əl çəkməsələr, onlar üçün nəticələr çox ağır olacaq. Onlar yeni müharibəyə hazırlaşırlar.

Onların təmas xəttinə yaxın qüvvələrinin cəmləşməsi baş verir. Biz hər şeyi görürük, hər şeyi izləyirik. Onların bütün hərəkətlərini izləyirik. Əlbəttə ki, özümüzü müdafiə edəcəyik. Necə ki, Tovuzda özümüzü müdafiə etdik, bütün başqa istiqamətlərdə özümüzü müdafiə edəcəyik. Onlar üçün Tovuz hadisələri növbəti dərs oldu. Əgər yeni dərs almaq istəyirlərsə, biz buna hazırıq.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-10362.html