4 Fevral, 2020
İlahiyyat İnstitutunun qış məktəbində “Dövlət, cəmiyyət və din” mövzusunda məruzə dinlənilib

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) Qəbələ rayonunda təşkil etdiyi “Din, mədəniyyət və cəmiyyət-2” mövzusunda qış məktəbinin birinci günü seminar və ziyarətlərlə davam edib.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə, İnstitutdan AZƏRTAC-a bildirilib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov “Dövlət, cəmiyyət və din” mövzusunda çıxış edib. O bildirib ki, Azərbaycan xalqının əsrlərboyu mövcud olan tolerantlıq və multikulturalizm ənənəsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Prezident İlham Əliyev hər zaman azərbaycançılıq ideologiyasının inkişafını və milli-mənəvi dəyərlərin qorunmasını diqqət mərkəzində saxlayır.

G.İsmayılov vurğulayıb ki, ibadətlə yanaşı, İslam dini birliyə və həmrəyliyə böyük önəm verir. Dinimizin əsas məqsədlərindən biri cəmiyyət, dövlət və ailə üçün faydalı olan, bilikli, elmli, savadlı, nümunəvi vətəndaş formalaşdırmaqdır. İslam dini meydana çıxdığı gündən elmə böyük dəyər verib, təhsil almağı ibadət səviyyəsinə qədər yüksəldib.

Sədr müavini milli və dini dəyərlərimizin mahiyyətindən bəhs edib, bu dəyərlərin qorunmasının vacibliyinə toxunub. Qeyd edib ki, yad dini ideologiyaların yayılması cəhdlərinin qarşısının alınması gənclər arasında milli-mənəvi, xüsusilə dini dəyərlərin təbliğinin doğru aparılmasından asılıdır.

Daha sonra tələbələr Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olmuş vətəndaşların xatirəsini əbədiləşdirmək məqsədilə Qəbələ şəhərində əsaslı təmir işləri aparılmış və yenidən qurulmuş Şəhidlər xiyabanını ziyarət ediblər.

Qəbələ Rayon Heydər Əliyev Mərkəzini ziyarət zamanı tələbələrə məlumat verilib ki, burada Ulu Öndərin həyatının müxtəlif anlarını əks etdirən 340-dan artıq eksponat cəmlənib. Bunlar tarixi sənədlər, Ulu Öndərin həyat və fəaliyyəti haqqında kitablar və fotoşəkillərdən ibarətdir. Ümumilikdə mərkəzdə 550-dən artıq eksponat mövcuddur. Mərkəzdə “Bacarıqlı əllər” dərnəyi, kompüter kursları, musiqi dərnəyi, rəsm studiyası və elektron kitabxananın fəaliyyət göstərdiyi diqqətə çatdırılıb.

 

 

Bütün hüquqlar qorunur  ©  Ahlibeyt.az

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-10031.html