31 Dekabr, 2019
Prezident İlham Əliyev: “2019-cu il münaqişənin nizamlanması üçün itirildi”

"Həm tarixi ədalət, həm də beynəlxalq hüquq Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu təsdiq edir"

Ahlibeyt.az-ın APA-ya istinadən məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın "Rossiya-24" telekanalına müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, 2019-cu il münaqişənin nizamlanması üçün itirildi. Bunun günahı isə erməni tərəfinin qeyri-ardıcıl, ziddiyyətli və anlaşılmaz mövqeyidir: "İl ərzində Ermənistanın ali rəhbərliyi bir-birinə tamamilə zidd olan bəyanatlar səsləndirib.

Məsələn, onlardan biri Dağlıq Qarabağın “müstəqil dövlət” olması və Azərbaycanın belə adlandırılan “müstəqil dövlət” ilə danışıqlar aparmalı olması barədə bəyanatdır. Bu, danışıqlar prosesinin tamamilə pozulması, mahiyyətcə onun dayandırılması cəhdi idi. Təbii ki, bununla nə biz razılaşa bilərdik, nə də vasitəçi ölkələr – ATƏT-in Minsk qrupunun həmsədrləri. Bildiyimə görə, onlar da Ermənistan rəhbərliyinə xəbərdarlıq etdilər ki, bu populist və zərərli, təhlükəli siyasətdən əl çəksin.

Görünür ki, bu ağlabatan məsləhəti eşidən Ermənistan rəhbərliyi öz mövqeyini dəyişdi, lakin yenə də daha pis bir istiqamətdə. Ermənistanın baş nazirinin növbəti bəyanatı ondan ibarət oldu ki, Dağlıq Qarabağ Ermənistandır və nöqtə. Onda bizdə belə bir sual meydana çıxır: onlar gah deyirlər ki, Dağlıq Qarabağ heç kimin, o cümlədən Ermənistanın da tanımadığı müstəqil dövlətdir, gah da deyirlər ki, Dağlıq Qarabağ Ermənistandır. Bu da yalandır. Beləliklə, onlar özləri Dağlıq Qarabağın nə olduğunu bilmirlər. Əgər onlar Dağlıq Qarabağın nə olduğunu bilmirlərsə, biz bunu onlara izah edə bilərik. Mən bunu oktyabrda “Valday” forumu çərçivəsində sizin kanalınızın birbaşa efirində etmişəm, onda demişdim ki, Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi. Erməni tərəfinin tezislərindən fərqli olaraq, bu, həqiqətdir, çünki həm tarixi ədalət, həm də beynəlxalq hüquq Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu təsdiq edir. Azərbaycan BMT-yə daxil olanda, o, özünün tam ərazi bütövlüyü çərçivəsində üzv olub. Əgər biz buraya BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin işğal olunmuş əraziləri dərhal və qeyd-şərtsiz tərk etməsi haqqında qətnamələrini, digər beynəlxalq təşkilatların qətnamələrini və heç bir ölkənin Dağlıq Qarabağ adlanan ağlasığmaz və qeyri-qanuni qurumu tanımadığını da əlavə etsək, onda görərik ki, münaqişənin həlli Azərbaycanın ərazi bütövlüyünün tanınması və onun suverenliyinə hörmət müstəvisində olmalıdır. Ona görə də Ermənistan rəhbərliyi bu sadə həqiqəti nə qədər tez başa düşsə, bizim danışıqlar prosesində irəliləmək şansımız yaranar", - deyə Prezident İlham Əliyev vurğulayıb.

Dövlətimizin başçısı qeyd edib ki, sülhə doğru irəliləmək fəal danışıqlar prosesi ilə müşayiət olunmalıdır: "Erməni tərəfinin bizim Dağlıq Qarabağla danışıqlar aparmalı olduğumuz barədə bəyanatına baxmayaraq, indi danışıqlar Azərbaycan və Ermənistan arasında aparılır. Mənim baş nazir Paşinyanla görüşlərim, o cümlədən ATƏT-in Minsk qrupunun təsbit etdiyinə görə, martda Vyanada keçirilən rəsmi görüş erməni tərəfinin onu necə dəyişmək istədiyinə baxmayaraq, bir daha təsdiq etdi ki, danışıqlar prosesi və format dəyişilməyib. Ona görə də sülhə doğru irəliləmək və danışıqlar trekində real tərəqqi paralel getməlidir".

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-10002.html