إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Moskva – üçüncü Roma

Moskva – üçüncü Roma

Süqut etmiş Roma imperiyasının şərqində Şərqi Roma İmperiyası – Bizans yaranır. Özəyi yunanlardan ibarət bu dövlət Yaxın Şərq və Şərqi Avropa ölkələrini istila edir. Yunanlar Qərbi Avropanı öz hakimiyyəti altında qorumağa çalışan papaların dini (deməli həm də ideoloji) təsirindən çıxmaq üçün Qənstəntiniyyədə patriarx  - Roma papasına alternativ seçirlər. XI əsrdə xristian aləmi katolik və pravoslav hissələrinə bölünür. Pravoslavlar nə Roma papalarının dini, nə qərb imperatorlarının siyasi hakimiyyətini qəbul edirdilər. Osmanlı hücumları nəticəsində Bizans süqut edir, yunanlar da öz imperiya ənənlərini slavyanlara, daha doğrusu ruslara ötürürlər. Beləliklə də, tarixin təkrarlandığına inananlar, qeyd olunanları öz düzgünlüyünü sübuta yetirmək üçün bir dəlil kimi istifadə edə bilərlər.

 XV əsrdən başlayaraq güclü və mərkəzləşmiş dövlət yaradan rus çarları öz dövlətinin xüsusi missiyaya malik olması barədə düşünməyə başlayır. Təqribən bu dövrdə “Moskva – üçüncü Roma” ideyası yarandı ki, Roma və Qənstəntiniyyədən (İstanbul) sonra Moskvanın xristian aləminin üçüncü mərkəzinə çevirilməsini nəzərdə tuturdu. Rus mütəfəkkirləri də bu ideyanın davamı olaraq protestant demokratiyası və sekulyarizminin yararsızlığını təbliğ edirdilər. Amerikalılar demokratiyadan öz messianlığının əsas aləti kimi istifadə edib vətəndaş millətçiliyi tezisləri ilə çıxış edirlərsə, ruslar əksinə mütləq monarxiyanı öz messianlığının əsas aləti kimi istifadə edib etnik millətçiliyə (slavyanofiliya) üz tuturlar. Məhz mütləq monarxiya tərz-təfəkkürü Rusiyada totalitar rejimin qurulmasına səbəb oldu. Rus kommunizmi marksizmin rus tərz-təfəkkürü ilə uzlaşdırılmış forması idi. Vladimir Lenin məhrum təbəqənin (proletariat) inqilabları nəticəsində bütün dünyada kommunizmin timsalında “qızıl əsrin”, xalq diktaturasının gələcəyini yazırdı, elə ilk bu cür inqilabın başında da özü durdu. Ona görə də marksizm-leninizm ideoloqları Lenini dünya proletarilərinin rəhbəri elan etmişdilər. Bəzi müəlliflər tam dəqiq olaraq kommunizmi dinin bir forması kimi qəbul edirdilər. Leninin və Stalinin şəxsiyyət kultları sovet insanına yeni peyğəmbərlərin sırıdılması idi.

SSRİ süqutundan sonra beynəlxalq aləmdə siyasi çəkisini itirmiş Rusiya kommunizmi çarizmdən qalmış  messian ideyalarla əvəz etdi, çarizmə məxsus messianlıq respublika quruluşuna uyğunlaşdırıldı. Orta əsrlərdə pravoslavlığın əsas dayağı olan Bizans imperiyasının mənəvi varisi hesab olunan rus dövlətinin messionizm iddialarının özünəməxsus xüsusiyyətləri var. İlk növbədə rus xalqı İsa Məsih  tək tarixin bütün əzab əziyyətlərini öz üzərinə götürməklə bəşəriyyətə nicat verir. ABŞ-dan fərqli olaraq, Rusiya düzgün yolu göstərən deyil, bəşəriyyət üçün bir ibrətdir. Çingisxan, Napoleon, Hitler – öz dövrlərinin dəccalları (Antixrist) idilər ki, məhz Rus xalqına təcavüz edirdilər. Napoleonun, Leninin və Hitlerin gətirdiyi əziyyəti çəkməklə, əslində onlar digər xalqları əzabdan qurtarır. Necəki, ata Allah insanların günahını yumaq üçün öz oğlu İsanı yerə göndərir və onu əzaba düçar edir. İsa Məsih çarmıxa çəkilərkən çəkdiyi iztirablarla insanları cəhənnəm odundan xilas etdi, Rusiya isə antixristlərin təcavüzünə məruz qalmaqla bəşəriyyətə dünya bəlalarından nicat verdi. Bu baxımdan ikinci dünya müharibəsi ruslar üçün xüsusi əhəmiyyət daşıyır. Digər xalqlardan fərqli olaraq, onlar bu savaşı özününküləşdirərək “Böyük Vətən Müharibəsi” deyir (Napoleonla müharibəyə də bu cür deyilir) və qələbənin yalnız rusların hesabına əldə olunduğunu təbliğ edirlər. Əhdi-ətiqdə tez-tez xatırlanan Bəni-İsraili məcazi olaraq rus milləti kimi təqdim edərək, Rus Pravoslav Kilsəsi bu xalqı seçilmiş millət kimi qəbul etməməyi günah sayır.

Lakin müasir dövrdə Rusiya messianlığının sırf dini rəngi onun fövqəldövlət kimi formalaşmasına maneçilik yaradır. Necəki, protestant ideyaları əsasında formalaşan Amerika messiamlığı dünyaya yayılması üçün zahiri dini xüsusuiyyətlərdən sekulyarizm adı altında azad oldu, hazırda da Rusiya oxşar vasitəyə əl atır. Rusiya çoxqütblü beynəlxalq sistemin formalaşdığı bir zamanda özünün qlobal güc kimi saxlamaq üçün mütləq tarixi-mədəni bazaya malik olmalıdır. Son iyirmi ildə rus ideoloqları bu bazanın yaradılması ilə məşğuldur.

Sovetlərin tarixi saxtalaşdırması və rus dilini məcburi öyrətməsi müasir Rusiyanın işini xeyli asanlaşdırır. Bütün hegemon dövlətlər tarixin saxtalaşdırılması üslubunu sevirlər, Rusiya da istisna deyil. Rus dilinin və mədəniyyətinin daha da genişlənməsi üçün bir neçə il öncə Rusiya “Rus dili” dövlət proqramını təsis etmişdi. Proqram çərçivəsində Kremlin “Rus dünyası” adlandırdığı “tarixi-mədəni” məkanın (yəni rus dilində danışılan ərazilər) sərhədləri genişləndirilməlidir. Həmin “dünyaya” ilk növbədə MDB ölkələri daxil olmalıdır. Bu məsələ Rusiyanın xarici-siyasi konsepsiyasında da öz əksini tapıb. 

 “Gələcək axtarışında” kitabından çıxarışlar əsasında hazırlanıb (ardı var)

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 İyun, 2012  03:33 Çap

Bu bölmədə


© 2017 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
CMS Danneo
© Saytı düzəldib: 313wb.com